Azərbaycan Silahlı Qüvvələrinin leytenantı olan Səfəralı Məmmədov 1992-ci il fevralın 16-da erməni silahlı dəstələrinin Xocavənd rayonunun Qaradağlı kəndinə hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, o, 16 oktyabr 1963-cü ildə Masallı rayonunun Sərçuvar kəndində anadan olub. 1981-ci ildə orta məktəbi bitirərək xidmətə çağırılıb və 1983-cü ildə ordudan tərxis edilib. 1990-cı ildə Bakı Xüsusi Orta Milis Məktəbinə daxil olub. Buranı leytenant rütbəsi ilə bitirdikdən sonra Qarabağa getmək istədiyini bildirən Səfəralı Məmmədov Ağdam rayonunda polis komandiri kimi döyüşlərə atılıb. Fərruxda, Ağbulaq fermasında, Qarakənd kəndində onlarla ermənini girov götürüb.

Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli fərmanı ilə Səfəralı Qurban oğlu Məmmədov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!