Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Rəşad Xanlar oğlu Sadıqov 1978-ci il oktyabr 11-də Laçın rayonunda anadan olub.

QHT.az xəbər verir ki, 1995-1999-cu illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. Rəşad Sadıqov 1999-2004-cü illərdə Şahbuz rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edib. 2004-cü ildə Naxçıvan şəhərində Heydər Əliyev adına Hərbi Liseydə çalışıb. Daha sonra isə Naxçıvan şəhərində Hərbi Komissarlığda və Hərbi Hospitalda xidmət edib. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Cəbrayılın, Qubadlının və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 30-da Laçın döyüşləri zamanı qəhrəmancasına şəhid olub.

Rəşad Sadıqov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!

 

Pərvanə Fərhadqızı