Şəhid Masim Qurbanovun xatirəsi anılıb
Masallı rayonunun Ərəb kəndində şəhid Masim Qurbanovun anım mərasimi keçirilib.
Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Masim Qurbanovun şəhadətinin ikinci ildönümündə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, rayon rəsmiləri, şəhid ailələri, qazilər, kənd sakinləri, ictimaiyyət nümayəndələr iştirak ediblər.
Çıxışlarda Birinci Qarabağ və Vətən müharibələrində Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən Masallıdan olan döyüşçülərin qəhrəmanlıqlarından danışılıb.
Rayon rəhbəri şəhid Masim Qurbanovun atası Hafis Qurbanova oğlunun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenini təqdim edib.
Şəhidin atası onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq bildirib.
Mərasimdə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub.
Qeyd edilib ki, şəhid atası, Birinci Qarabağ müharibəsi döyüşləri iştirakçısı, II qrup müharibə əlili Hafis Qurbanovun təşəbbüsü və rəhbərliyi, Xırmandalı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin, şəhid ailələrinin və sakinlərin köməkliyilə Hacıtəpə-Ərəb yolu boyunca uzunluğu 550 metr olan “Şəhidlər bağı” salınıb. Belə ki, yolun mühafizə zolağında ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən Masallı şəhidlərinin şəkilləri olan lövhələr qoyulub, müxtəlif ağaclar əkilərək ətrafı çəpərə alınıb.
Məlumat üçün bildirək ki, şəhid Masim Hafiz oğlu Qurbanov 2001-ci il yanvarın 7-də Masallı rayonunun Ərəb kəndində anadan olub. 2008-2017-ci illərdə Ərəb kənd ümumi orta məktəbində təhsil alıb. 2019-cu ilin yanvar ayında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra könüllü olaraq Vətən müharibəsinə yollanıb. Masim Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. İgid döyüşçü oktyabrın 30-da Qubadlı istiqamətindəki döyüşlərdə düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.
Şəhidin nəşi 10 yanvar 2021-ci il tarixdə doğulduğu Ərəb kənd qəbiristanlığında torpağa tapşırılıb.
Subay idi.
3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Akif AĞAYEV.












