2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olmuş Həmid Abbasbəyli 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində Cəbrayılın, Xocavəndin, Hadrut qəsəbəsinin, Füzulinin və Laçının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 20-də Xocavənd rayonunda Qırmızı Bazar qəsəbəsi ərazisində qəhrəmancasına şəhid olub.
QHT.az xəbər veri ki, Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı olan Həmid Cavanşir oğlu Abbasbəyli 17 noyabr 1991-ci ildə Binəqədi rayonunda anadan olub. 2006–2009-cu illərdə Cəmşid Naxçıvanski adına hərbi liseydə, 2009-2013-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra Həmid Abbasbəyli cəbhə bölgəsində yerləşən Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan bölükdə taqım komandiri olaraq hərbi xidmətə başlayıb. 2015-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sırasına qoşularaq hərbi xidmətini davam etdirib.
Həmid Abbasbəyli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları və "Qarabağ" ordeni ilə təltif edilib.
Ruhu şad olsun!
Pərvanə Fərhadqızı










