"Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev QHT Agentliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən “Satınalma sahəsində dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı” mövzusunda müzakirəni dövlət qurumları ilə vətəndaş cəmiyyəti arasında dialoqun inkişafı baxımından mühüm platforma kimi qiymətləndirib.

Onun sözlərinə görə, belə görüşlər yalnız ayrı-ayrı tədbirlər kimi deyil, sağlam və şəffaf idarəetmənin vacib elementi kimi nəzərdən keçirilməlidir:

“Dövlət qurumlarının və vətəndaş cəmiyyəti nümayəndələrinin eyni masa arxasında açıq danışması, mövcud fikir ayrılıqlarını və təklifləri çəkinmədən müzakirə etməsi etimad mühitinin formalaşmasına xidmət edir”.

QHT sədri qeyd edib ki, tədbirdə dövlət satınalmaları sahəsində həyata keçirilən islahatlar, əldə olunan nəticələr və qarşıda duran çağırışlarla bağlı maraqlı təqdimatlar dinlənilib. Onun fikrincə, müzakirələrin açıq və işgüzar atmosferdə keçirilməsi görüşün əsas müsbət cəhətlərindən biri olub.

“Səsləndirilən suallar cavabsız qalmadı, fərqli baxışlara hörmətlə yanaşıldı və irəli sürülən təkliflərin diqqətlə dinlənildiyi hiss olunurdu. Bu yanaşma dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır”, – deyə Əliməmməd Nuriyev vurğulayıb.

O bildirib ki, korrupsiyaya qarşı mübarizənin ən səmərəli yolu pozuntuların sonradan aşkar edilməsi deyil, onların yaranmasına imkan verməyən idarəetmə mexanizmlərinin formalaşdırılmasıdır.

Onun sözlərinə görə, dövlət satınalmalarında risklər bir çox hallarda tender elan edildikdən sonra deyil, daha əvvəl – satınalmaların planlaşdırılması, texniki tapşırıqların hazırlanması və bazar araşdırmalarının aparılması mərhələsində yaranır:

“Buna görə də ictimai nəzarət yalnız satınalmanın yekun nəticələrinin qiymətləndirilməsi ilə məhdudlaşmamalı, prosesin ilkin mərhələlərindən başlamalıdır”.

QHT sədri qeyd edib ki, çıxışı zamanı “Satınalmaların İctimai Risk Xəritəsi”nin hazırlanması, “Açıq Satınalma Laboratoriyası”nın yaradılması, “100 Müqavilə” təşəbbüsünün həyata keçirilməsi və daimi “Satınalma Dialoqu” platformasının formalaşdırılması ilə bağlı təkliflərini iştirakçılarla bölüşüb.

Əliməmməd Nuriyevin fikrincə, tədbirin ən mühüm nəticəsi dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının epizodik görüşlərlə məhdudlaşmaması, davamlı və institusional xarakter daşımasının vacibliyi ilə bağlı ümumi mövqenin formalaşmasıdır.

“Bu, çox müsbət yanaşmadır. Çünki şəffaflıq yalnız qanunların və normativ sənədlərin mövcudluğu ilə təmin edilmir. Şəffaflıq etimad, açıq dialoq və tərəflərin birgə məsuliyyəti üzərində qurulur”, – deyə QHT sədri bildirib.

O, tədbirdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələrinə də təşəkkürünü ifadə edib. Qeyd edib ki, fərqli baxışların səsləndirilməsi, peşəkar müzakirələrin aparılması və konstruktiv təkliflərin irəli sürülməsi bu cür platformaların əhəmiyyətini bir daha nümayiş etdirir.

Əliməmməd Nuriyev açıqlamasını bu fikirlə yekunlaşdırıb:

“Şəffaflıq sənədlərdə deyil, insanların dövlətə olan inamında ölçülür”.