“Satınalma sahəsində dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı” mövzusunda keçirilən müzakirə mühüm və səmərəli təşəbbüsdür. Bu görüşü ölkədə dövlət satınalmaları sahəsində şəffaf idarəetmənin və dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığının yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirmək olar.

Bu fikirləri “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli  bildirib.

Onun sözlərinə görə, keçirilən müzakirə korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında tərəfdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:

“Müasir dövlət idarəçiliyində şəffaflıq yalnız hüquqi mexanizmlərlə deyil, ictimai iştirakçılıq, hesabatlılıq və açıq dialoq vasitəsilə təmin olunur. Dövlət satınalmaları büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı ən həssas sahələrdən biri olduğundan bu istiqamətdə ictimai etimadın formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında davamlı əməkdaşlıq həm korrupsiya risklərinin azaldılmasına, həm də satınalma sisteminin daha səmərəli fəaliyyətinə xidmət edir”.

QHT sədri qeyd edib ki, müzakirə zamanı təqdim olunan məlumatlar dövlət satınalmalarında rəqabətli, şəffaf və bütün iştirakçılar üçün əlçatan sistemin formalaşdırılması istiqamətində ciddi tədbirlərin həyata keçirildiyini göstərir.

“Əsas məqsəd satınalma proseslərini daha açıq, rəqabətədavamlı və müasir idarəetmə prinsiplərinə uyğun şəkildə təşkil etməkdir. Bununla yanaşı, vətəndaş cəmiyyəti institutlarının prosesdə fəal iştirakı və ictimai nəzarət mexanizmlərinin dəstəklənməsi mühüm rol oynayır. Belə görüşlərin davamlı keçirilməsi dövlət satınalmaları sahəsində ictimai etimadın gücləndirilməsinə və problemlərin açıq dialoq yolu ilə həllinə töhfə verə bilər”, – deyə Əhməd Abbasbəyli vurğulayıb.
 

Qeyd edək ki, 2026-cı il iyulun 16-da QHT Agentliyində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə Tədbirlər Planı çərçivəsində "Satınalma sahəsində dövlət-vətəndaş cəmiyyəti əməkdaşlığı" mövzusunda müzakirə təşkil olunub.