Ölkədə davam edən qeyri-sabit və şaxtalı hava şəraiti ilə əlaqədar su sayğaclarının mühafizəsi gündəmdədir.
“Azərsu” ASC sayğacların və su xətlərinin donvurmadan qorunması ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, içməli su xətlərinin və sayğacların donvurmadan mühafizəsinə ciddi diqqət yetirilməlidir:
“Fərdi yaşayış evlərində və həyətyanı sahələrdə, eləcə də kommersiya obyektlərində quraşdırılmış sayğacların şaxtalı günlərdə donvurma nəticəsində sıradan çıxmasının qarşısını almaq üçün zəruri qabaqlayıcı tədbirlər görülməlidir. Şaxtanın daha çox olduğu gecə saatlarında sayğacın içərisində suyun qalmaması üçün sayğacın giriş ventili bağlanmalı, çıxış ventili açıq saxlanmalı, sayğac qutularının qapağı bağlı saxlanmalı, sayğac qutunun içərisində taxta yonqarı vasitəsilə mühafizə olunmalıdır. Eyni zamanda, fərdi həyət evlərində üstüaçıq boruların izolyasiya edilməsi vacibdir".
Lakin paytaxtın bəzi ərazilərində sayğac qutusu olmayan su sayğacları var.
Bəs qutusu olmayan sayğacları abonent necə qorusun? Abonent qutu təminatı üçün “Azərsu” ASC-yə müraciət edə bilərmi? Sosial şəbəkələrdə bu məsələ geniş müzakirə olunur və hətta sosial şəbəkə istifadəçiləri “sayğaclara yorğan sarıyaq” deyirlər.
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Cebhe.info-ya bildirib ki, belə proses mövcud deyil:

“2013-cü ilə qədər quraşdırılan sayğaclar qutusuz, ondan sonrakı dövrdə quraşdırılan sayğaclar isə qutuyla divara bərkidilib. Son iki ildə isə həyət evləri və yüksək dağlıq rayonlarda torpağa basdırılmış qutulardan istifadə olunur. Qutusu olmayan sayğacı olan abonentlərə müraciət etmişik ki, sayğacların qorunması ilə bağlı tədbirlər görə bilərlər. Əgər sayğac evin və ya hansısa tikilinin içərisindədirsə, heç bir problem yoxdur. Amma açıq havada qutusuz sayğacların donma ehtimalı daha çoxdur. “Qutusu olmayan sayğac üçün abonentin “Azərsu”ya müraciət etməsi və ora qutu quraşdırılması prosesi yoxdur. Sayğacsız qutular, əsasən, primitiv şəbəkələr, yəni vətəndaşların özləri tərəfindən çəkilmiş fərdi su xətləri olan ərazilərdədir. Həmin ərazilərdə mərkəzləşdirilmiş şəbəkə qurulduqca, layihələr icra olunduqca həmin sayğacların hamısı qutuda yerləşdiriləcək və onların təhlükəsizliyi təmin ediləcək”.
Günay Şahmar
Cebhe.info












