“Sağlam həyata doğru” Ekoloji İctimai Birliyi sentyabrın 13-də Şamaxı şəhər Uşaq, Gənclər İnkişaf mərkəzində “Qlobal iqlim dəyişikliyinin Azərbaycana təsirləri barədə bilik və məlumatların artırılması” layihəsi çərçivəsində konfrans keçirib.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində keçirilən tədbirdə Şirvan Dövlət Uşaq, Gənclər İnkişaf mərkəzinin, Mərkəzi Kitabxananın, Garhan, Çuxuryurd, Meysəri, Şəhriyar, Kələxana, Şərədil, Adnalı, Sabir qəsəbəsi, Məlhəm, Dəmirçi kənd icra və bələdiyyə nümayəndəliyinin, Şamaxı şəhər təsərrüfat MMC-nin, İcra hakimiyyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə iştirak edən Şamaxı şəhər Uşaq, Gənclər İnkişaf mərkəzinin direktoru Könül Fərmanova keçirilən bu konfransın iqlim dəyişmələri, bu dəyişikliyin Azərbaycana və Şamaxı rayonuna təsirləri mövzusunda olduğunu qeyd edib.
Təşkilatın sədri, layihənin eksperti, kimya elmləri üzrə fəlsəfə doktoru Sadiq Həsənov Şamaxı şəhərinin Azərbaycanın dağlıq ərazidə yerləşməsini və ölkə üzrə daha az su ehtiyatlarına malik olan rayon olduğunu qeyd edib: “Şamaxı rayonun təsərrüfatları Pirsaat çayının təminatında olduğundan burada su problemləri daima olub. Buranın təsərrüfatları əsasən dəmyə olduğundan yağış suları vasitəsilə suvarılır. Lakin iqlim dəyişikliyi nəticəsində yağışların zamanı dəyişmiş və təsərrüfatların əkin sahələrinə lazım olan vaxtlarda deyil, daha çox suyun lazım olmadığı zamanlarda yağması nəticəsində təsərrüfatlara çoxlu zərərlərlə müşahidə olunur. Şəhəri gəzərkən son dövrlərdə yaşıllıqların salındığını və bu yaşıllığın iqlimdə kəskin dəyişiklilərin qarşısını almaqda əhəmiyyəti var. Şəhərdə mövcud yaşıllığın mühafizə olunması və su ehtiyatlarından qənaətlə istifadəsi hər birimizin vacib işidir. Bötövlükdə Şamaxı rayonunda yaşıllıq sahələri çox azdır çünki suvarma sistemi bütün ərazini əhatə etmədiyindən ağacların sulanması çətindir. Bu barədə nəşr olunmuş kitabçada olan iqlimdəki dəyişiklikləri əks etdirən dioqram və qrafiklərin elmi tədqiqat materiallarından götürülüb və sadələşdirilərək hamının oxuması üçün nəşr olunub”.
Sadiq Həsənov qlobal temperaturun artması ilə müşayət olunan və özü ilə birlikdə çoxlu ətraf mühit dəyişiklərinə səbəb olan hadisələr, gələcəkdə baş verə biləcək təbii hadisələrin mövcud vəziyyəti, mümkün proqnozları barədə danışıb: “Bildiyimiz kimi 1750-ci ildən sənaye dövrünün başlanğıc tarixi kimi başlayaraq sənayenin inkişafı ilə paralel olaraq atmosferdə istilik effekti yaradan qazların artması iqlimdə bir çox dəyişikliyə səbəb olub. 1960-cı illərdən sonra isə temperaturun sürətli artımı baş verib. Paralel olaraq dünya əhalisinin və Azərbaycanda əhali artımı dünyada olan meşə və yaşıllıq ərazilərini xeyli azalmışdır ki, bu da, atmosferdə olan karbon qazını (CO2) udaraq əvəzində bütün kainatı oksigenlə təmin edən yaşıllıq ərazilərinin dəfələrlə azalmasına səbəb olub”.
Layihənin təlimçisi, Radiasiya Problemləri institutunun əməkdaşı, kimya elmləri üzrə doktoru, professor Hökmən Mahmudova bildirib ki, dünya üzrə tədqiqatçılar tərəfindən aparılan minlərlə araşdırma Yer səthində, eləcə də atmosfer və okeanlarda temperaturun yüksəldiyini qeydə alıb: “Qlobal iqlimin bir çox digər aspektləri də dəyişir. Həddindən artıq yüksək temperatur və güclü yağıntı hadisələri artır, buzlaqlar və qar örtüyü azalır, dəniz buzları geri çəkilir. Hətta Azərbaycanda sel hadisəsinin heç vaxt olmadığı Naftalan, Beləsuvar, Ağdaş və Göyçay kimi rayonlarda daşqın hadisələri baş verir. Dənizlər istiləşir, su səviyyəsi yüksəlir, turşuluğun konsentrasiyası artır və daşqınlar daha tez-tez baş verir. Yağışlı mövsümlər daha əvvəlki dövrlərlə müqayisədə uzundur və eyni zamanda iri meşə yanğınları daha tez-tez baş verir. Bir çox növlər yeni yerlərə köçür, biomüxtəliflik pozulur və iqlim dəyişikliyinin nəticəsi mühüm bioloji hadisələrin mövsümi vaxtında dəyişikliklərə səbəb olur”.
Professor insan fəaliyyəti nəticəsində yaranan istixana qazları emissiyaları onilliklər və hətta əsrlər boyu Yer kürəsinin iqliminə təsir göstərməyə davam edəcəyini də vurğulayıb: “İnsanlar karbon qazını təbii proseslərlə atıldığından qat-qat yüksək sürətlə atmosferə əlavə edərək, atmosferdə və okeanlarda uzunömürlü qaz anbarı yaradır bu da iqlimi daha isti və kəskin isti vəziyyətə gətirir. Şamaxı kimi qlobal istiləşmənin təsiri daha güclü olduğundan əhalinin adaptasiyası proqramları hazırlanmalı və həyata keçirilməlidir. Şamaxı regionuda iqlim dəyişikliyinə ən həssas bölgə olduğundan iqlimdəki dəyişiklik buralarda daha çox müşahidə olunur”.
S.Həsənov çıxışını davam edərək bildirdi ki, iqlim dəyişmələrinin real nəticəsi elə bu günlərdə avqust və sentyabr aylarında kəskin istilərdən birdən-birə davamlı yağışlara keçidi nümunə kimi göstərib: “Dünən 40oC isti olduğu halda bir iki gün sonra temperatur 15 oC dərəcəyə qədər azala bilir. Buda iqlimdəki dəyişikliyin ölkəyə və Şamaxı rayonuna təsirləri güclənir. Azərbaycanda son 100 ildə orta illik temperaturlar 0,4-1,30C-yə qədər artıb. Temperatur artımı regionlardan asılı olaraq qeyri-bərabər paylanır. Son 10 illiklərdə Azərbaycan ərazisində kiçik dağ çaylarında sel və daşqınların sayı və gücü artmışdır. 2023-cü ilin sentyabr ayının 1-nə olan məlumata görə ölkədə 84 sel hadisəsi baş vermişdir hansı ki, neçə on illərdir bu rəqəm 35 sel hadisəsindən artıq olmayıb. Dünyada son 100 ildəki kosmik müşahidələr göstərdi ki, tufan və çovğunların intensivliyi və tezliyi artıb, isti küləklər, qasırğalar və yağıntılar güclənib. Son aylarda yağışların intensiv olması avqust ayı və sentyabr aylarındada sel hadisələrinin davamlı olaraq artması müşahidə olunmuşdur. Eyni zamanda sel və daşqın hadisələrinin sayı artmaqla yanaşı qarşısıalınmaz fəsadlara səbəb olur”.
Tədbirdə iştirak edən Veysəlli kənd bələdiyyəsinin sədri Vüqar Manafov çıxış edərək bildirdi ki, iqlim dəyişmələrinin nəticəsində su qıtlığı bütün kəndlərdə və Veysəlli kəndindədə özünü göstərir: “Bu barədə hazırlanmış bu zəngin kitabçanın nəşr olunması bələdiyyə işçiləri üçün mühüm məlumat vasitəsi olacaq və biz burada toplanan akademik informasiya və elmi tədqiqatlardan istifadə edərək onları əhaliyə və sakinlərə deyəcəyik. Kitabçanın paylanması tədbirdə iştirak edən insanlarda iqlimdə baş verən dəyişikliklər barədə məlumat boşluğunu aradan qaldıracaq”.
V.Manafov layihədə iştirak edən alimlərə Xəzər dənizinin su səviyyəsinin azalmasının nədən baş verdiyini sordu. Sorğuya cavab olaraq H.Mahmudov qeyd edib ki, iqlim dəyişmələri nəticəsində Volqa, Terek və Ural çaylarında su səviyyəsi azalmış və əksinə dənizdə və çaylarda buxarlanma 10-15% həcmində artıb: “Kür çayı ümumiyyətlə Xəzər dənizinə çatmır və bəzi yerlərdə dəniz Kür çaylna daxil olmaqla içməli su ehtiyatlarını duzlaşdırıb əkin sahələrinə və mal-qaraya əhəmiyyətli ziyan verir. Qlobal istiləşmənin təsirləri Xəzər dənizində səviyyə azalması normal haldan 1,5 metr yüksəkdir və proses geridönməz hala gəlmişdir. Şamaxı rayonu və şəhər gələcəkdə iqlim dəyişmələrinin təsirlərini azaltmaq üçün Dövlətin proqramlarına uyğun olaraq gərgin işləməli və onun zərərli təsirlərini yumşaltmağa çalışmalıdırlar. İqlim dəyişmələri ilə bağlı aparılmış araşdırmalar və qiymətləndirmələr onun göstərir ki, dünyada iqlim dəyişmələri ilə bağlı bir çox problemlərin və ya istixana qazların azaldılması üçün hər bir ölkənin öhdəlikləri müəyyən olunmuşdur və bir çox tədbirlərin həyata keçirilməsi planlaşdırılıb. Avropa Birliyi ölkələri 2030-cu ildə parnik effekti yaradan qazların azaldılmasını 50% həcmdə, 2050-ci ildə isə sıfır səviyyəsində azaldılmasını planlaşdırır. Bu cür öhdəliklərin həyata keçirilməsi iqtisadi cəhətdən sənayedə və nəqliyyatda ciddi dəyişiklərin hesabına baş verdiyindən bu qısa icmal məlumatlı kitabça ilə biz vəziyyətin nə qədər ciddi olmasını İctimaiyyətə çatdırmağı düşünürük. Bu sahədə Azərbaycan emissiyaların azaldılması və alternativ enerji istehsalına keçidlə bağlı bir çox işlər görülür. Bu islahatlar enerji sektorunda alternativ və bərpa olunan enerji istehsalına keçidi sürətləndirəcək və avtomobil nəqliyyatında ciddi tərkib dəyişmələrinə səbəb olacaq. Bu istiqamətdə Azərbaycanda və Bakı şəhərində nəqliyyatın idarəedilməsi infrastrükturunun idarəedilməsində əhəmiyyətli təkmilləşdirmələrin aparılması zəruridir. Dünyada baş verən qlobal istiləşmə və yaranan fəsadların aradan qaldırılması üçün nəqliyyatın daha az tullantı verən nəqliyyat vasitələrinə keçilməsi prosesləri bir çox ölkələrdə başlanıb”.
Tədbirdə mövzu ətrafında Şamaxı rayon Sabir qəsəbəsinin nümayəndəsi Ramiz Məmmədov bildirdi ki, onun anadan olduğu Quşçu kəndində 10-20 il əvvəl 11 metr quyu qazılırdı və hamı bu sudan geninə boluna istifadə edirdi: “İndi isə 11 metrdə quyu uçur və dağılır ona görə əhali quyunu 20 metr və daha çox qazır. Bu da onu göstərir ki, yeraltı su ehtiyatları getdikcə azalır”. Şəhriyar bələdiyyəsinn sədri Sabir Mikayılov çıxış edərək iqlimdə baş verən dəyişiklərə hazır olmaq üçün əhali nə etməlidir ki, daha az zərər olsun deyə layihə ekspertlərinə sualla müraciət etdi. S.Həsənov cavab verərək bildirdi ki, Azərbaycanın su ehtiyatları az olduğundan son dövrlərdə çoxlu artezian quyuları qazılıb və nəticədə yeraltı sularda azalma baş verib: “Bu barədə 2020-ci ilin iyul ayında Ölkə prezidentinin yanında keçirilən Su müşavirəsində rəsmi şəxslərin məlumatında qeyd olunur ki, ilkin olaraq artezian quyularında 1 dəqiqədə 42 litr su gəlirdisə indi bu 26 litr/dəq qədər azalıb. Bu da onu göstərir ki, təsərrüfatların suvarılmasında damçı su suvarma sistemi kimi metodlar tətbiq edilməli və evlərdə suya qənaət hamıya aşınlanmalıdır”.
Tədbirdə Bələdiyyə nümayəndələri maraqlı təkliflərlə çıxış etdilər. Tədbir canlı müzakirələr şəraitində keçdi. Müzakirədə mövzu ətrafında Şamaxı rayonunda görülməli işlər və əhalinin suya və elektrik enerjisinə qənaət etməsi tövsiyə olundu və ictimaiyyət nümayəndələrinin və əhalinin iqlim dəyişmələri barədə biliklərinin artırılması, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə edilməsi, yaşıllıq sahələrinin artırılması tövsiyə olundu. Tədbirdə layihə çərçivəsində hazırlanmış kitabça və maarifləndirici materiallar iştirakçılara paylandı və sonra tədbir yekunlaşdı.
Pərvanə Fərhadqızı












