Məktəblilər şairin xatirəsini ehtiramla yad ediblər
“Zirvə Ziyalılar” təşkilatı İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, nakam taleli şairimiz Mikayıl Müşfiqin abidəsi ziyarət olunub.

Tədbirdə məktəblilərlə yanaşı, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Rafael Hüseynov, Azərbaycanın Xalq artistləri Şəfiqə Eyvazova, Gülyanaq və Gülyaz Məmmədova bacıları, eləcə də digər qonaqlar iştirak ediblər.

Ziyarətin əsas məqsədi Mikayıl Müşfiqin əziz xatirəsini yad etmək, onun zəngin ədəbi irsini gənc nəslə tanıtmaq, məktəblilərdə milli-mənəvi dəyərlərə, Azərbaycan ədəbiyyatına və sənətkarlarımıza hörmət hissini gücləndirmək olub.

Tədbir zamanı şairin həyat və yaradıcılığı, Azərbaycan poeziyasına verdiyi töhfələr və xalqımızın yaddaşında əbədi yaşayan əsərləri haqqında söhbət aparılıb. İştirakçılar Mikayıl Müşfiqin xatirəsini dərin ehtiramla yad edərək onun Azərbaycan ədəbiyyatında tutduğu əvəzsiz mövqeyini bir daha vurğulayıblar.

Tədbirdə çıxış edən “Zirvə Ziyalılar” təşkilatı İctimai Birliyinin sədri Minayə Feyzullayeva şairin xalqımızın qəlbində yaşayan əbədi irsindən danışıb.

Minayə xanım çıxışında bildirib: “Hər il şairimiz, Vətənimizin sızlayan qəlbi Mikayıl Müşfiqi yad etməsək, olmaz. Onun xatirəsini yaşatmaq, şeirlərini oxumaq və yaradıcılığını gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur”.

O qeyd edib ki, Mikayıl Müşfiq yalnız bir şair deyil, həm də xalqımızın yaddaşında silinməz iz qoymuş mənəvi dəyərimizdir. Onun şeirlərində Vətən sevgisi, təbiətə məhəbbət, həyata bağlılıq və insan duyğularının ən incə çalarları əks olunub. Şairin faciəli taleyi xalqımızın yaddaşında dərin yara açsa da, ölməz yaradıcılığı bu gün də yaşayır və yeni nəsillərin qəlbinə yol tapır.

Tədbirdə tanınmış ziyalıların, sənət adamlarının və dövlət qurumlarının nümayəndələrinin iştirakı şairin irsinə göstərilən ehtiramın ifadəsi olmaqla yanaşı, gənclərin milli mədəniyyətimizə bağlılığının gücləndirilməsi baxımından da əhəmiyyət daşıyıb.

Məktəblilərin belə tədbirlərdə iştirakı onların ədəbiyyatımıza, tarixi şəxsiyyətlərimizə və milli-mənəvi irsimizə hörmət ruhunda yetişməsinə xidmət edir.
Mikayıl Müşfiq unudulmur! Onun səsi şeirlərində, ruhu misralarında, Vətənə və həyata sevgisi isə Azərbaycan xalqının qəlbində yaşayır. Böyük sənətkarları yaşadan onların fiziki varlığı deyil, xalqlarına bəxş etdikləri ölməz əsərlər və yaddaşlarda əbədi qalan adlarıdır.