Bəzi birliklər var ki, onları sadəcə bir araya gələn insanların toplandığı platforma adlandırmaq olmaz. Onları ortaq dəyərlər, səmimi münasibətlər, ictimai məsuliyyət və təmənnasız fəaliyyət birləşdirir. “A” QHT klubu da məhz belə platformalardan biridir.

2018-ci ildə bir qrup QHT nümayəndəsinin təşəbbüsü ilə yaradılan klub qısa zamanda yalnız fikir mübadiləsi aparılan bir məkan deyil, həm də milli-mənəvi dəyərlərin yaşadılması, ictimai təşəbbüslərin dəstəklənməsi və sosial həmrəyliyin gücləndirilməsi istiqamətində özünəməxsus fəaliyyəti ilə seçilən bir platformaya çevrilib.

Klubun üzvləri vaxtaşırı milli və ictimai əhəmiyyətli məsələləri müzakirə edir, milli geyimlərimizin təbliğindən xeyriyyəçilik təşəbbüslərinə, təhsildən ekologiyaya qədər müxtəlif sahələrdə həyata keçirilən layihələrə dəstək verirlər. Bütün bu fəaliyyətlərin arxasında isə cəmiyyətin mədəni və sosial inkişafına töhfə vermək, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətin mahiyyətini ictimaiyyətə çatdırmaq kimi ortaq bir məqsəd dayanır.

Bu dəfə isə “A” QHT klubunun üzvləri başqa bir gözəl və əlamətdar səbəblə bir araya gəlmişdilər. Klubun dəyərli üzvlərindən, təsisçilərindən biri, “Vətəndaşların Sosial Rifahı naminə” İctimai Birliyinin sədri İradə Rizazadənin 70 illik yubileyi qeyd olunurdu.

Bu, sadəcə bir doğum gününün qeyd edilməsi deyildi. Bu, ömrünü, enerjisini və fəaliyyətini cəmiyyətə fayda verməyə həsr etmiş bir insana ehtiramın, dostluğun və qədirbilənliyin ifadəsi idi.

Şəxsən mənim üçün “A” QHT klubu təmsil olunduğum ən maraqlı və fərqli ictimai platformalardan biridir. Burada münasibətlərin təməlində vəzifə, şəxsi maraq və gözlənti deyil, könüllülük, qarşılıqlı hörmət, səmimiyyət və ən əsası, təmənnasızlıq dayanır. Bəlkə də bu birliyi dəyərli edən ən mühüm cəhət məhz budur: hər kəsin öz töhfəsini verməyə çalışdığı, heç kimin digərindən nəsə gözləmədiyi bir mühit…

Klubun üzvləri Sevda Tahirli, Qorxmaz İbrahimli, İradə Rizazadə, Ceyhun Hacıbəyov, Gülnarə Hüseynova, İlqar İlkin və Yeganə Sultanova bu platformanın formalaşmasında və fəaliyyətində özünəməxsus yerə malikdirlər.

70 illik ömür bir insanın keçdiyi yolun, topladığı təcrübənin, qazandığı hörmətin və geridə qoyduğu dəyərlərin göstəricisidir.

Əziz İradə xanım, yubileyiniz mübarək! Sizə möhkəm cansağlığı, uzun ömür, könül rahatlığı və yeni-yeni uğurlar arzulayırıq. Həyatınızın bundan sonrakı illəri də sevgi, hörmət, xoş münasibətlər və gözəl xatirələrlə zəngin olsun!

Çünki insanın ən böyük sərvəti yaşadığı illərin sayı deyil, həmin illərdə qazandığı insanların sevgisi və hörmətidir.

İlkin İlqar