ABŞ-də aparılan yeni araşdırma yaşlı insanlarda tez-tez gündüz yuxulamağın demans və yaddaş problemləri riskinin artması ilə əlaqəli olduğunu ortaya çıxarıb.
QHT.az xarici mediaya istinadən bildirir ki, araşdırmaya görə, xüsusilə 65 yaşdan yuxarı şəxslərdə hər gün və ya həftənin əksər günlərində gündüz yatmaq gələcəkdə koqnitiv problemlərin yaranması ilə əlaqəli ola bilər.
The Journals of Gerontology: Series A jurnalında dərc olunan tədqiqat çərçivəsində 995 nəfər beş il ərzində müşahidə edilib. İştirakçıların 417-də bu müddət ərzində demans aşkarlanıb.
Nəticələr göstərib ki, hər gün və ya həftənin əksər günlərində gündüz yatan şəxslərdə demans göstəricisi nadir hallarda yatanlarla müqayisədə 48 faiz yüksək olub. İstəmədən gündüz yuxuya gedənlərdə isə bu göstərici 39 faiz təşkil edib.
Tədqiqatda gündüz 30 dəqiqə və ya daha az yatan yaşlılarda da demans göstəricisinin daha yüksək olduğu müəyyən edilib.
Alimlər bildirirlər ki, bu nəticələr gündüz yuxusunun birbaşa demansa səbəb olduğunu sübut etmir. Əksinə, tez-tez yuxulamaq beyində baş verən erkən dəyişikliklərin göstəricisi ola bilər.
Mütəxəssislərin fikrincə, yaşlı insanlarda gündüz yuxulamağın qəfil artması, xüsusilə yaddaş problemləri ilə müşayiət olunursa, diqqətdən kənarda qalmamalıdır.
Araşdırma müəllifləri gündüz yuxusu ilə demans arasındakı əlaqənin səbəblərini müəyyənləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac olduğunu vurğulayıblar.








