Şabran şəhər İcmasının İnkişafı üzrə Təlim və Resurs İctimai Birliyinin təşkilatçılığı ilə “Şabran rayonunda sağlam həyat naminə ekoloji təmiz qida məhsullarından istifadənin təbliği mövzusunda maarifləndirici təbliğat və təşviqat işlərinin təşkili” layihəsi üçüncü  tədbiri rayonun Şahnəzərli kəndində keçirilib.

Birliyinin sədri, layihə rəhbəri Gülsənəm Əmrahova QHT.az –a bildirib ki, tədbirdə Şahnəzəli İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Hikmət Nəsirov, Qida Təhlükəsizliyi Agentliyinin Quba-Xaçmaz Regional  bölməsinin İdxal və İxraca Nəzarət sektorunun böyük məsləhətçisi Ramin Əkbərov, Şabran Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun baş məsləhətçisi Nübar Babayeva, Şabran şəhər İnzibati Ərazi Dairəsi üzrə  nümayəndə müavini Rəşad Əmrahov, Quba Regional Təlim Mərkəzinin əməkdaşları və kənd sakinləri iştirak ediblər: “Tədbirdə  iqtisadiyyatın əsas sahələrindən sayılan və əhalinin daim tələbatının tərkib hissəsi hesab olunan ekoloji cəhətdən təmiz qidalanma məhsulları ilə təminatın artırılması, nəticə etibarı ilə sağlam həyat tərzinin gücləndirilməsi, ekoloji təmiz məhsulların istifadə edilməsinin vacibliyi əhalinin nəzərinə çatdırıb. Bu sahənin hərəkətverici qüvvəsi kimi  ailə kəndli təsərrüfatlarının rolunun artırılması, təmiz qida məhsullarına olan təminatın təbliğ edilməsində təsəvvürlərin artırılması, ardıcıl və dayanıqlı istehsal mühitinin formalaşdırılması iştirakçıların diqqətinə çatdırılıbdır”.

Qeyd edək ki, tədbir iştirakçıları tərəfindən layihədə irəli sürülən təkliflərin, ekoloji təmiz qidalanmaya olan  müasir  baxış tərzi və inkişafı ilə aktuallıq kəsb etdiyi qeyd olunub. Layihənin davamlı təsirlərini artırmaq və daha geniş əhali arasında təbliğat və təşviqat işlərinin  gücləndirilməsi məqsədilə iştirakçılara bukletlər paylanıb.

 

Pərvanə Fərhadqızı