Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov və Şirvan şəhər Regional Vəkillər Bürosunun vəkili Emil Quliyevin təşkilatçılığı ilə mediatorlar və vəkillər bir səhər yeməyində bir araya gəldilər. Tədbirin məqsədi mediasiya prosesinin üstünlüklərini müzakirə etmək və keyfiyyətli hüquq xidmətləri və barışıq sazişlərinin təmin olunmasının yollarını araşdırmaq idi.

QHT.az xəbər verir ki, tədbirdə mediasiyanın hüquqi münaqişələrin həllində effektiv rol oynadığı, məhkəmə çəkişmələrindən daha sürətli və iqtisadi cəhətdən sərfəli olduğu vurğulandı. Həmçinin, keyfiyyətli barışıq sazişlərinin hüquqi cəmiyyət üçün önəmi, vəkil və mediatorların əməkdaşlığının bu sahədəki roluna dair geniş fikir mübadiləsi aparıldı.

Tədbirin sonunda iştirakçılar gələcəkdə daha çox belə görüşlərin keçirilməsinin hüquqi əməkdaşlıq və mediasiya sahəsində müsbət təsir yaradacağını bildirdilər.