22-23 avqust 2024-cü il tarixlərində “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə uşaq evliliyi və onun fəsadlarından bəhs edən, eyni zamanda bu istiqamətdə yeniyetmə qızlar və onlarıın valideynləri arasında maarifləndirmə işiylə bağlı Saatlı rayonunda 2 günlük seminar təşkil olunub. Seminar 70 nəfərin iştirakı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib.
QHT.az xəbər verir ki, Birlikdən verilən məlumata görə seminarın birinci günündə Saatlı Rayon İcra Başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva, Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova, Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı Təhsil sektorunun metodisti Kəmalə Şirəliyeva iştirak ediblər. Seminarı giriş sözü ilə Saatlı Rayon İcra başçının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva açaraq erkən nikah probleminin cəmiyyətin aktual problemlərindən biri olduğunu qeyd etdi və bu mövzuda görülən işlərdən danışdı. Erkən nikahlarla bağlı rayon statistikasını tədbir iştirakçılarının nəzərinə çatdıran Mehriban Ağayeva əhali arasında maarifləndirmə tədbirlərinin mütəmadi keçirildiyini vurğuladı. Erkən evlilik və qohum evlilikləri ilə bağlı qanunvericiliyə edilən son dəyişiklikləri şərh etdi. Erkən evlilik nəticəsində təhsildən yayınma hallarının da artdığını və bu problemin həllində dövlət qurumlarının əlaqəli çalışmalı olduğunu seminar iştirakçılarının diqqətinə çatdırdı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Aida İbrahimova da öz növbəsində erkən nikahla bağlı mübarizə yollarından danışdı. Ucqar kəndlərdə bu mövzuda mütəmadi ailə səfərlərinin və maarifləndirici tədbirlərin keçirildiyini və müsbət nəticələr əldə etdiklərini qeyd etdi.
“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova bu layihənin mahiyyətini və məqsədini seminar iştirakçılarının nəzərinə çatdıraraq bildirdi ki, “Erkən nikahın fəsadları” adlı layihə çərçivəsində seminarlar Saatlı, Sabirabad və Goranboy rayonlarında keçirilsə də aparılan maarifləndirmə işlərinin daha əlçatan olması üçün sosial media və sosial şəbəkələr vasitəsilə respublika ərazisini əhatə edir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosil iş üzrə mütəxəssisi Firuzə Əliyeva erkən nikah və qohum evlilikləri ilə bağlı qanunvericiliyə edilən son dəyişikliklər barədə seminar iştirakçılarına məlumat verib və bu mövzuda slayd nümayiş etdirilib. Ailə Məcəlləsi, Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərin insanların hüquq və azadlıqlarına məhdudlaşdırılmasının və təhsildən yayınma hallarının qarşısının alınmasında atılan mühüm addım olduğunu bildirdi.
Seminarın ikinci günü Saatlı Rayon İcra Başçının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Ağayeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Aida İbrahimova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elvin İbrahimov iştirak edib. Layihə rəhbəri Nailə İsmayılova seminarın ikinci günündə də layihə barədə məlumat verdi və erkən nikah mövzusunda sosial çarx nümayiş etdirildi.
Daha sonra nümayiş etdirilən sosial çarxın psixoloji məqamlarını şərh etmək üçün söz Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu Gültac Kərimliyə verildi. Gültac Kərimli erkən evliliyin yaratdığı psixoloji problemlər və ağır travmalardan danışdı. Fizioloji və psixoloji baxımdan tam yetkinləşməmiş şəxslərin evliliyə məcbur edilməsinin boşanmalar və uğursuz evliliklə nəticələndiyini bildirdi. Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin nümayəndəsi Elvin İbrahimov mövzunun dini tərəflərindən bəhs etdi və qanunvericiliyə edilən dəyişikliyin sağlam cəmiyyətin qurulmasında vacib addımlardan biri olduğunu vurğuladı.
Keçirilən seminarların sonunda çay-kofe fasiləsi zamanı sual-cavab ətrafında geniş müzakirələr davam etdi. Seminarlar Goranboyda davam edəcək.










