Üç il bundan öncə xalqımızın 30 illik əzəli torpaqlar həsrətinə son qoymuş, dövlətimizin haqq və ədalət carçısı olduğunu bütün dünyaya nümayiş etdirmiş, ölkəmizin ərazi bütövlüyünü təmin etmiş Qələbə tarixə yalnız qızıl hərflərlə deyil, həm də şəhid qanı ilə yazılıb.
Bu gün biz vəhşi erməni qəsbkarlarına qarşı qanlı döyüşlərdə misilsiz igidliyi, mərdliyi və cəsurluğu ilə müqəddəs şəhidlik zirvəsinə ucalmış, Vətən sevgisi ilə əbədiləşmiş şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edirik. İşğaldan azad edilmiş torpaqlarda üçrəngli bayrağımızı göylərə ucaldan qəhrəman Vətən övladlarının adları xalqımızın yaddaşına əbədi həkk olunub.
Hər birimiz Vətən sevgisi həyat eşqindən qat-qat üstün olan, Vətənini bütövləşdirmək, xalqına sülh, əmin-amanlıq və dinc həyat bəxş etmək naminə canlarını qurban vermiş şəhidlərimizlə fəxr edir, onların qəhrəmanlığından böyük qürur hissi duyuruq. Şəhidlik zirvəsinə ucalmış igid əsgər və zabitlərimizin doğmalarında – onları boya-başa çatdırmış ata və analarında, bacı və qardaşlarında, ömür-gün yoldaşları və övladlarında isə bu hiss ölçülməzdir, tükənməzdir... Allahdan hər bir şəhid ailəsinə səbir, hər birimizə doğma olan şəhidlərimizə rəhmət diləyirik!
Ruhun şad olsun, cənnətə qovuşmuş Vətən övladı – Qarabağ Azərbaycandır! Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında 44 günlük Vətən müharibəsində rəşadətli Ordumuzun Qələbəsi Azərbaycan tarixinə sənin qanınla yazılıb. Əbədi yazılıb.. Şərəfli adın və qəhrəmanlığın milli yaddaşımıza əbədi yazıldığı kimi...
“Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova












