“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun 1 yanvar 2019-cu ildən qüvvəyə minib. Dəyişikliyə əsasən, 2019-cu ilin əvvəlindən pensiya hüququ yaranan şəxsin heç bir müraciəti olmadan, sənəd təqdim etmədən və pensiya hüququ yaranan gün ərzində pensiyanın elektron qaydada təyin edilməsinə başlanılıb.
Bəs bu əmək pensiyası sisteminə necə təsir edə bilər? Elektron qaydada pensiyanın təyin edilməsi prosesi nəyə əsaslanır və bu, həmin prosesin effektivliyini artırmağa necə kömək edə bilər?
QHT.az bu suallarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın üzvü, iqtisadçı ekspert Aslan Əzimzadəyə ünvanlayıb. Onun sözlərinə görə, dayanıqlı inkişafın əsas amillərindən biri də sosial inkişafdır, sosial inkişafın mütərəqqiliyinin təmin edilməsi üçün elmi- texniki tərəqqinin yeni imkanlarından istifadə etmək zəruridir: “Təbii ki, belə olan halda biz rəqəmsallaşmanın sosial sferaya tətbiqini də görürük. Artıq dünya ölkələrinin 5-ci sənaye inqilabına hazırlaşdığı bir dönəmdə rəqəmsal texnologiyalardan sosial sferada istifadə olunmasının bir çox müsbət təsirləri var. Birinci təsiri odur ki, rəqəmsallaşma çərçivəsində, xüsusən də proaktiv xidmətlərə keçid zaman məvhumuna çox müsbət təsir göstərir. Belə ki, artıq bu proseslər çərçivəsində kağızsız texnologiyaya keçid müəyyən mənada zamanın və vaxtın idarə olunması üçün müsbət tendensiyalar ortaya qoyur”.
Aslan Əzimzadə ikinci məsələnin pensiya hüququ yaranan şəxslə bağlı rəqəmsallaşmanın bu prosesə cəlb edilməsinin şəffaflaşdırma işləri üçün olduqca böyük kömək və dayaq olduğunu da vurğulayıb: “Bütün bu amillər öz növbəsində əmək pensiyası çərçivəsində mütərəqqi idarəetmə mexanizminin formalaşması ilə nəticələnir ki, bu sadaladığımız faktorlar da həmin mütərəqqiliyin inkişafını səciyyələndirən başlıca amillərdəndir”.
Pərvanə Fərhadqızı












