Quba rayon İcra Hakimiyyəti, Quba-Xaçmaz regional Gənclər və İdman idarəsinin dəstəyi, Quba Futbol Klubu və "Yurd" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin tərəfdaşlığı, Quba şəhəri Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin fiziki tərbiyə müəllimi Kamran Əlimərdanovun təşkilatçılığı ilə Quba şəhərində böyüklər arasında Azərbaycanın azadlığı, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan həmyerlilərimizin xatiriəsinə həsr olunmuş mini-futbol üzrə turnir keçirilib.

QHT.az xəbər verir ki, turnirin əsas məqsədi vətən uğrunda canını fəda etmiş oğullarımızın adlarını yaşatmaq, gənclər arasında vətənpərvərlik ruhunu gücləndirmək və sağlam həyat tərzini təbliğ etməkdir. Yarışda rayonun şəhər, kənd və qəsəbələrini təmsil edən 24 komanda 4 qrupda mübarizə aparıb.

Şəhid ailələrinin, qazilərin və idman ictimaiyyətinin iştirak etdiyi tədbir həm yüksək rəqabət, həm də dərin ehtiram ab-havası ilə yadda qalıb.

2 ay davam edən mötəşəm turnirin sonunda Zizik kəndini təmsil edən Vətən müharibəsi qəhrəmanı Şahin Allahyarovun adını daşıyan "Şahin" komandası qalib adını qazanıb. Amsar kəndini təmsil edən "Abusər" komandası turnirin gümüş, Çinarlı kəndini təmsil edən eyniadlı komanda bürünc mükafatın sahibi olub.

Quba rayon İcra Hakimiyyətinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəsmi şəxsləri, eləcə də şəhid valideynləri, rayonun futbol veteranları və digər təşkilatçıların iştirak etdiyi mükafatlandırma mərasimində qalib və mükafatçılar kubok, medal və diplomlarla təltif olunub.

Turnirdə “Ən yaşxı qapıçı” nominasiyasını “Şahin FK” komandasının qapıçısı Seyid Qəribli, “Ən məhsuldar oyunçu” nominasiyasını “Şahin FK” komandasının oyunçusu Turqay Orucov, “Ən yaxşı komanda rəhbəri” nominasiyasını “Atlant FK” komandasının rəhbəri Seymur İsmayılov, “Ədalətli hakim” nominasiyasını isə oyunların baş hakimi Telman Dadşov qazanıb.