Qohumlar arasında bağlanan nikahın doğura biləcəyi fəsadlarla bağlı ictimaiyyətin rəyi öyrənilərək baba və (və ya) nənəsi ümumi olan şəxslər arasında nikahın bağlanmasına yol verilməməsi məqsədilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 12-ci maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur.

Bəs qohum nikahlarının qarşısının alınması üçün hüquqi tənzimləmələrdən başqa hansı tədbirlər görülə bilər və bu tədbirlərin cəmiyyətdə qəbul olunması üçün hansı strategiyaya əməl olunmalıdır?

QHT.az bu suala aydınlıq gətirmək üçün "Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılovadan açıqlama alıb. QHT sədri bildirib ki, 12 mart Sosial Tədqiqatlar Mərkəzində Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Xalq qəzetinin birgə təşkil etdiyi ictimai müzakirə zamanı çıxışlar oldu, qohumluq nikahı ilə bağlı söylənilən fikirlərin problemin çözülməsi üçün ictimaiyyətə, cəmiyyətə faydalı mesajlar ötürüldü: “Mütəxəssislərin, hüquqşünasların dediklərindən belə aydın olur ki, bu məsələ ilə, qanunda dəyişikliklərlə bağlı ciddi tədbirlər görülməlidir. Digər strateji məsələ ondan ibarətdir ki, burada tək dövlətin hüquqi tərəfdən qanunda dəyişiklik etməsi deyil, eyni zamanda cəmiyyətin də buna münasibəti olmalıdır. Yəni cəmiyyət bu tənzimləmələrdə aktiv iştirak etməlidir. Bir ailədə, nəsildə 3-cü, 4-cü dərəcəli qohumlar arasında nikahla bağlı müəyyən işlər aparılırsa, belə bir nikahın bağlanmasına isti münasibət yaranırsa, ətrafda olan qohumlar bu məsələyə münasibət bildirməlidirlər. Hər bir ailədə, nəsildə ziyalı insanlar var. Onların köməyinə ehtiyacımız var. Eyni zamanda qonşuda, ətrafımızda bu münasibətlərə fikir bildirməsinə ehtiyac var”.

Nailə İsmayılova bildirib ki, biz həmişə dövlətdən hər şeyi gözləyirik, dövlət hansı qanunu çıxaracaq, dövlət hansı qanunda hansı dəyişikliyi edəcək: “Bəs biz vətəndaş olaraq, cəmiyyət olaraq nə etməliyik? Bizim də üzərimizə düşən öhdəliklər var. Biz vətəndaş cəmiyyətinin üzvləri olan QHT-lər yerlərdə oluruq, ailələrlə görüşürük. Bu yaxınlarda autizm xəstəsi olan uşağın anası ilə söhbət etdik. Uşaq ağır dərəcəli autizm sindromlu idi. Uşağın anası 16 yaşında məcburi ərə verilib, bir bu problem, digər problem isə qohumlar arasında nikah bağlanıb. Burada həm erkən nikah, həm də qohumluq münasibəti var. Bu xalaoğlu xalaqızı arasında da boşanma halı baş verib. Məsələni araşdıranda görürük ki, məişət zorakılığı da var. İctimaiyyət bu məslədə aktiv olmalıdır. Hamılıqla bərabər biz bu məsələlərdə çəkici bir yerə vurmalıyıq ki, təsiri böyük olsun ətrafdakı insanlar da bundan örnək götürsünlər ki, belə bir izdivaca, nikaha getmək doğru deyil. İlkin mərhələdə sevgi ola bilər, könül işidir. Sonrakı mərhələdə məsələlər qəlizləşir”.

QHT sədri həmçinin qeyd edib ki, elə ailə yoxdur ki, orada söz-söhbət olmasın, amma bu məsələ getdikcə böyüyə bilər, həmin ailədə ailədaxili münaqişələr baş verə bilər: “Belə ailələrin əksəriyyətində övladların sağlamlıq problemləri olur. Biz elə strategiya seçməliyik ki, həm adət-ənənələrimiz, milli mənəvi dəyərlərimiz qorunsun, həm də hüquqi cəhətdən düzgün yol seçə bilək, məsələnin düzgün istiqamətdə həllinə çalışaq. Ətrafda olan məsələlərə laqeyd qalmamalıyıq, qohum nikahına da yox deməliyik. Bu həm cəmiyyətə zərbə vurur, eyni zamanda dövlətin apardığı ailə siyasətimizə də böyük zərbə vurmuş oluruq”.

 

Pərvanə Fərhadqızı