11 oktyabr tarixi dünya üzrə Beynəlxalq Qızlar Günü kimi qeyd edilir. Bu gün, qızların hüquqlarının qorunması, onların təhsilə və inkişaf imkanlarına bərabər şəkildə çıxışının təmin edilməsi, eləcə də gender bərabərliyinin vacibliyini vurğulamaq üçün təsis edilib. Bu münasibətlə QHT.az saytı olaraq, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva ilə müsahibə apardıq. Müsahibəmizdə Mustafayeva qızların hüquqlarının qorunması, erkən evliliklərin qarşısının alınması və onların cəmiyyətin hər sahəsində aktiv iştirakına dair fikirlərini bölüşüb.
QHT.az: Bu gün, 11 oktyabr, Beynəlxalq Qızlar Günüdür. Sizcə, bu günün əhəmiyyəti nədən ibarətdir?
Zenfira Mustafayeva: 11 oktyabr tarixi Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən 2011-ci ildə təsis edilib və 2012-ci ilin 11 oktyabrından qüvvəyə minib. Bu günün əsas məqsədi qızlara diqqətin artırılması, onların hər sahədə hüquqlarının qorunmasını təmin etmək, gender bərabərliyini gücləndirmək və ayrı-seçkiliyin qarşısını almaqdır. Qızlarımıza qayğı, hörmət, sevgi göstərmək və onların xoşbəxtliyi üçün bütün şəraitin yaradılması vacibdir. Dünyada təxminən 600 milyon yetkinlik yaşına çatmış qız var. Biz bu qızların problemlərini həqiqətən həll edə bilirikmi?
QHT.az: Gender bərabərliyinin təmin edilməsi istiqamətində hansı təşəbbüsləri irəlilətmək niyyətindəsiniz və bu məsələdə gənc qızların rolu nədir?
Zenfira Mustafayeva: Dövlətimiz qızlarımızın xoşbəxtliyi və gender bərabərliyinin təmin edilməsi üçün mühüm addımlar atır. Lakin bəzi ailələrdə hələ də qızlarımızın təhsildən uzaqlaşmasına, erkən evliliyə cəlb olunmasına və məişət zorakılığı qurbanına çevrilməsinə səbəb olan stereotiplər mövcuddur. Bu halların qarşısını almaq üçün qanunvericiliyimizdə bir sıra müsbət dəyişikliklər edilib. Məsələn, erkən evliliklərə qarşı mübarizə üçün 18 yaş həddinin təsis edilməsi, qohum nikahların ləğvi və bu cür hallarda cinayət məsuliyyəti və yüksək cərimələrin tətbiqi kimi qanunlar qəbul edilib.
QHT.az: Gənc qızların hüquqlarını müdafiə etmək üçün hansı konkret tədbirlər planlaşdırırsınız və bu günün rolu nədən ibarətdir?
Zenfira Mustafayeva: Gənc qızlarımız gələcəyin anası, ailənin xanımıdırlar. Lakin onların təkcə ailədə deyil, eyni zamanda cəmiyyətdə təhsil almış və ixtisaslı mütəxəssislər kimi mühüm rolu var. Qızlarımız müəllim, həkim, siyasətçi və digər peşələrdə ölkəmizin inkişafında əsas dayaqlar olacaq. Buna görə də, biz onlara keyfiyyətli təhsil verməli, sənət və peşə öyrətməliyik. Valideynlər olaraq da qızlarımızın yanındayıq və onlara dayaq olmalıyıq.
Pərvanə Fərhadqızı
QHT.az










