11 oktyabr 2024-cü il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsində Xarici ölkələrə ədəbiyyatı, Avropa dilləri və Xarici dillərin tədrisi metodikası kafedralarının təşkilatçılığı ilə "Narkomaniya ilə mübarizə sağlam həyata təminatdır" adlı dəyirmi masa keçirilmişdir. Tədbir cəmiyyətimiz üçün aktual olan narkomaniya ilə mübarizə mövzusunda gənclərin maarifləndirilməsinə yönəldilmişdir.
 

Tədbiri açıq elan edən ADU-nun Filologiya fakültəsinin dekanı Həmidə Əliyeva açılış nitqi ilə çıxış edərək bu mövzunun gənclərimiz üçün vacibliyini və narkotik asılılığının fəsadlarını vurğulayaraq, sağlam həyat tərzinin təşviq edilməsinin əhəmiyyətini qeyd etmişdir.
Tədbirin qonağı, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü, 20 saylı vəkil bürosunun müdir ,təcrübəli vəkil İlhamə Həsənova "Gənclər və narkotik asılılığı: Narkotik maddələrin qanunsuz dövriyyəsi və cəzalandırma tədbirləri" mövzusunda çıxış edərək, narkotik maddələrin təhlükələrini izah etmiş və tələbələri bu məsələlərdə diqqətli olmağa, qanunun sərtliyini nəzərə alaraq məsuliyyətli davranmağa çağırmışdır.

 

Eyni zamanda, Xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aynur Sabitova da çıxış edərək, narkotik asılılığının "ağ ölüm" kimi tanınan ciddi bir təhlükə olduğunu və gənclərin sağlam gələcək uğrunda bu bəladan uzaq durmalarının vacibliyini vurğulamışdır.
 

Tədbir müzakirələrlə davam etmiş, tələbələr narkomaniya ilə mübarizənin vacibliyi və narkotik asılılığının cəmiyyətimizdə yaratdığı problemlər haqqında suallar vermiş və geniş fikir mübadiləsi aparmışlar.