İyulun 29-da Lənkəran rayonu İstisu qəsəbəsində şəhid Zaur İsmayılzadənin doğum günü və Yayım Assosiasiyası İB sədri Yaşar Zeynalovun rəhbərliyi ilə inşa edilən qəsəbə şəhidlərinin adına tikilmiş Şəhidlər Bulağı kompleksinin açılış mərasimi keçirilib.
QHT.az xəbər verir ki, açılışda Lənkəran şəhər İcra hakimiyyətinin başçısı Taleh Qardaşov, Bakıdan və resrublikanın rayonlarından gəlmiş "Şəhid Anaları" Cəmiyyətlərinin üzvləri, qəsəbə şəhidlərinin ailə üzvləri, rayon ziyalıları, qazilər və qəsəbə ictimaiyyəti iştirak edirdi.
Açılışda çıxış edən şəhid Zaur İsmayılzadənin anası Şevil Hüseynova, şəhid Rəsul Qurbanovun anası Maral Qurbanova şəhidlərimizin xatirəsinə tikilmiş abidə kompleksinə görə Yayım Assosiasiyası İctimai Birliyinin sədri Yaşar Zeynalova şəhid ailələri adından təşəkkür etdilər.
Açılış törənində məktəblilərin ifasında şeirlər oxundu, musiqili kompozisiya səsləndirildi. Şəhidlərin qəbri ziyarət edildi.
Tədbir şəhid Zaur İsmayılzadənin doğum gününə təşkil edilmiş ehsan süfrəsi ilə başa çatdı.












