Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən həyata keçirilən “Regional turizmin mövcud vəziyyəti, Post pandemiya dövründə reabilitasiyası və inkişaf strategiyası” (Tədqiqat) layihəsi uğurla davam edir. 

 

2022-ci ilin fevral ayından icra olunan layihənin fəaliyyət planına əsasən, işçi qrupu formalaşmış, görüləcək işlər işçi qrup üzvləri ilə müzakirə olunmuşdur. Respublikanın Şimal-Qərb bölgəsində regional turizm sahəsində fəaliyyət göstərən sahibkarlarla, sənətkarlarla, ictimai təşkilatlar və icma rəhbərləri ilə, qonaqlarla sorğuların keçirilməsi proseslərinə start verilmiş və mövcud vəziyyətin araşdırılması üzrə fəaliyyətlər müvəffəqiyyətlə davam edir. 

 

Qeyd edildiyi kimi, sorğulara Şimal-Qərb bölgəsində yaşayan və regional turizmə aid olan müxtəlif sahələrdə çalışan iş adamları (sahibkarlar, sənətkarlar, ictimai təşkilat və icma rəhbərləri), regiona səfər edən qonaqlar (turistlər) layihəyə cəlb olunmuşdur. Layihə çərçivəsində, yuxarıda göstərilən kateqoriyalara aid 100 nəfər şəxslərlə sorğular keçiriləcək, sorğuların nəticələri qısa müddət ərzində təhlil olunacaq, əldə olunacaq təkliflər qruplaşdırılacaq və Aprel-May aylarında təşkil olunacaq konfranslarda hesabatlar ictimaiyyətə təqdim olunacaq. 

 

Bu layihə çərçivəsində növbəti addım olaraq, yerli dövlət qurumları ilə, Azərbaycan Dövlət Turizm Agentliyinin və Azərbaycan Turizm Bürosunun yerli nümayəndəlikləri ilə, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin yerli KOB dostları ilə, ictimai təşkilatlar və icma rəhbərləri ilə, Bələdiyyələrlə görüşlərin keçirilməsi də nəzərdə tutulur. 

 

Layihənin fəaliyyət planına əsasən birinci mərhələdə nəzərdə tutulan tədbirlərin (sorğu və görüşlərin) 2022-ci il Mart ayının 15-dək başa çatdırılması nəzərdə tutulur. Layihə Azərbaycan Respublikasının Şimal-Qərb bölgəsində 4 ay müddətində həyata keçiriləcəkdir.