Qarabağın Tərəqqisi naminə İctimai Birliyinin sədri Şəbnəm Səfərova 119 saylı Ağdam seçki dairəsindən deputatlığa namizəd olur.
Bununla bağlı QHT sədri öz sosial şəbəkə hesabında paylaşım edib:
“Doğma ağdamlılar, əziz dostlar,
Uzun müddətdir götür-qoy etdiyim qərarı Sizlərlə paylaşmaq bu günə qismətmiş. 23 iyul 1993-cü ildə Ağdam sakinləri həyatlarının dönüş nöqtəsini yaşadılar. O vaxta qədər qurub-yaratdığımız hər şeyi itirdik. Məcburi köçkün düşərgələrində, çörək növbələrində ağır həyat şərtləriylə mübarizəmiz başladı. Biz həm millət, həm də dövlət olaraq bu mübarizədən üzüağ çıxdıq.
Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyilə Qarabağın digər bölgələri kimi Ağdam üçün də yeni tarix yazdı: 20 noyabr 2020-ci il!
Qarabağ mövzusu həmişə sosial fəaliyyətimin bütünü olub. Elə bilirəm Qarabağda doğulmaq, o müharibəni yaşamaq, köçkün düşərgəsində keçən uşaqlıq həyatımın qalan bütün hissəsinin istiqamətini müəyyənləşdirdi. Əgər Yaradan qismət edərsə, doğma ağdamlılarım da etimad göstərərsə növbəti 5 ili ölkəmə və xüsusən də Ağdama millət vəkili olaraq xidmət etmək istəyirəm.
1-2 gün sonra seçki qərargahımızın üzvləriylə birgə Ağdamda seçici imzalarını toplayaraq 119 saylı Ağdam seçki dairəsinə olan müraciəti tamamlayacağıq.”
Qeyd edək ki, Şəbnəm Səfərova Qarabağın Tərəqqisi naminə İctimai Birliyinin sədri, məşhur “Qarabağ Azərbaycandır” elektron platformasının və agdam.org saytının təsisçilərindən biri, ordumuzun zabiti Ramil Səfərovun həyat yoldaşıdır.










