İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb. QHT sədri ölkənin davamlı inkişafını, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasını və Böyük Qayıdış proqramının uğurla icrasını böyük iftixar mənbəyi kimi qeyd edib.

QHT.az xəbər verir ki, hazırda tarixi parlament seçkiləri ərəfəsində olduğumuzu bildirən E. Kərimli, azad edilmiş torpaqlarımızda ilk dəfə olaraq Milli Məclis seçkilərinin təşkil olunacağını qeyd edib. O, uzun illərdir ölkənin ictimai-siyasi proseslərində fəal iştirak edən bir iqtisadçı-ekspert, müəllim və vətəndaş cəmiyyəti fəalı kimi bu seçkilərdə iştirak etmək üçün stimul aldığını bildirib.

QHT sədri yenidən seçiləcək Milli Məclisin qarşısında duran yeni çağırışlara, regionların islahatlardan maksimum faydalanmasına, yerli əhalinin rifahının artırılmasına, sahibkarlığın inkişafına, turizm potensialının yüksəldilməsinə və məşğulluğun təmin edilməsinə töhfə vermək məqsədilə qanunvericilik prosesində aktiv iştirak etməyi planladığını bildirib. O, bitərəf və müstəqil namizəd olaraq parlament seçkilərinə qoşulmaq niyyətində olduğunu qeyd edib.

Eyyub Kərimli, qazandığı bilik və təcrübənin millət vəkili kimi vətəninə daha faydalı olmasına, seçiciləri layiqincə və peşəkarlıqla təmsil etməsinə imkan verəcəyinə inandığını vurğulayıb.