Mərkəzin rəhbəri Diyorbek Kimsanov Türk Dünyası Mediatorlar Birliyi və Azərbaycan Respublikası Mediasiya Şurasının nümayəndə heyətini mərkəzdə qəbul etməkdən məmnun olduğunu qeyd edib və mərkəzin fəaliyyəti barədə qonaqlara məlumat verib. Kimsanov mərkəzin mediasiya sahəsində həyata keçirdiyi layihələr, təlimlər və təcrübələr haqqında geniş məlumat verib. O, həmçinin mərkəzin məqsədlərinin konfliktlərin dinc yolla həll olunmasına, cəmiyyətin maarifləndirilməsinə və mediatora olan ehtiyacın artırılmasına yönəldiyini vurğulayıb.

QHT.az xəbər verir ki, Türk Dünyası Mediatorlar Birliyinin sədri Yakup Erikel mediasiya sahəsində aparılan islahatlar və bu sahədə görülən işlər barədə danışıb. Erikel, Türk Dünyası ölkələri arasında mediasiya praktikasının genişləndirilməsi və təcrübə mübadiləsinin əhəmiyyətini qeyd edib. O, həmçinin mediasiyanın hüquqi sistemdəki rolunu və konfliktlərin həllindəki üstünlüklərini vurğulayıb.

Azərbaycan Respublikası Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov isə Azərbaycanda mediasiya sahəsində aparılan islahatlar, qəbul edilmiş yeni qanunlar və normativ aktlar haqqında ətraflı məlumat verib. Adilov mediasiyanın hüquq müstəvisində inteqrasiyasının önəmini vurğulayıb və Azərbaycanda mediasiya proseslərinin daha geniş yayılması üçün həyata keçirilən tədbirlərdən danışıb.

Bakı 8 saylı mediasiya təşkilatının rəhbəri Mayıl Əhməd isə Azərbaycanda fəaliyyət göstərən mediasiya təşkilatlarının fəaliyyətindən və gördükləri işlərdən söz açıb. Əhməd, təşkilatların konfliktlərin həllində oynadığı rolu, cəmiyyətin mediasiya haqqında maarifləndirilməsi istiqamətindəki işlərini və bu sahədə əldə olunan nailiyyətləri qeyd edib.

 

Pərvanə Fərhadqızı