Qocalıq böyük möcüzədir, qocalıq insanlara həyatdakı vacib şeyləri dərk etməyə və qiymətləndirməyə kömək edir. O, gənclik dövründəki axtarışlarımızın zamanla dəyişdiyini və əsl xoşbəxtliyin daha dərin mənalarda olduğunu söyləyir.
“Yoldaşım bir həftədir ki, müalicəyə gedib. Elə bil həyat dayanıb. Gənc vaxtımızda o həmişə həftələrlə ezamiyyətlərdə olardı, onun yoxluğu həyat tərzimə o qədər də təsir etməzdi. Hər şey öz yolu ilə davam edərdi. Lakin indi başqa cürdür, əlbəttə evladlarımız məni tək buraxmırlar, amma bu o deyil. İnsanların bir-birinə yaşlı vaxtlarında daha çox ehtiyacı olur. Qoruyun bir-birinizi” – bu sözləri Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin sədri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında bildirib.
Zenfira xanımın sözlərinə qüvvət olaraq qeyd edim ki, insanlar qocaldıqca maddi dəyərlərdən daha çox münasibətlərin və insani bağların əhəmiyyətini hiss edirlər. Qocalıqda yanımızda sevdiklərimizin və dəstək verənlərin olmasının nə qədər dəyərli olduğuna əmin oluruq. Yaşlılıqda fiziki və zehni çətinliklərlə qarşılaşmaq qaçınılmazdır, lakin bu çətinliklərə tab gətirmək, yaşamağa və güclü qalmağa davam etmək vacibdir.
Pərvanə Fərhadqızı












