"Sağlam mühit" gənclərin inkişafına kömək ictimai birliyinin sədri Əli Mirzəyev sosial və ictimai sahələrdə təşkilatın göstərdiyi fəaliyyətlərlə bağlı QHT.az –a MÜSAHİBƏ verib.
QHT.az: Əli müəllim, hər vaxtınız xeyir olsun. Öncə müsahibəyə görə QHT.az adından Sizə təşəkkür edirik. Qarşıdan gələn prezident seçkiləri ilə bağlı ümumi qiymət verə bilərsinizmi?
Əli Mirzəyev: Hər vaxtınız xeyir. Təbii ki, bu seçkilərə əhali xüsusi ruh yüksəkliyi ilə hazırlaşır. Torpaqlarımız işğaldan azad edildikdən, ərazi bütövlüyümüz, suverenliyimiz təmin olunduqdan sonra bu ilk seçkidir və ilk dəfədir ki, Azərbaycanın bütün yaşayış məntəqələrində seçkilərin keçirilməsi üçün hazırlıq işləri aparılır. Ümid edirik ki, həmişə olduğu kimi yenə seçicilər düzgün seçim edəcəklər.
QHT.az: QHT olaraq seçki prosesində hansı məsələlərə diqqət yetirməyi planlaşdırırsınız?
Əli Mirzəyev: Bütün Qeyri Hökumət Təşkilatları kimi biz də bu önəmli siyasi kompaniyaya dəstək veririk. Əhali arasında seçkilərin həyatımıza, gələcəyimizə təsiri, seçici fəallığının vacibliyi və digər məsələlərlə bağlı maarifləndirmə işləri həyata keçiririk.
QHT.az: Seçki prosesində şəffaflığın və ədalətli mühitin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verə bilərsinizmi?
Əli Mirzəyev: Seçki günü bütün məntəqələrdə və dairə seçki komissiyalarında QHT fəalları müşahidəçi kimi iştirak edəcək, seçici fəallığının, şəffaflığın təmin edilməsinə və seçki qanunvericiliyinə necə əməl edilməsinə nəzarət edəcəklər.
QHT.az: QHT sədri olaraq vurğulamaq və ya diqqət yetirmək istədiyiniz məsələlər varmı?
Əli Mirzəyev: Ümumiyyətlə Dövlətin digər siyasi kampaniyaları kimi seçki prosesində əhalinin aktiv iştirakı “İştirakçılıq Haqqında” Azərbaycan Respublikası Qanununun icrası baxımından çox əhəmiyyətli hadisədir. Vətəndaşlar, xüsusilə seçicilər bu proseslərdə fəal iştirak etməklə dövlətin, millətin gələcəyini təmin etmiş olurlar.












