"İranın Azərbaycan Respublikasının ərazisini - Naxçıvan hava limanını raket və ya PUA atəşinə tutması qətiyyətlə pislənilməli və lənətlənməlidir".
QHT.az xəbər verir ki, bu fikirləri Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri Elməddin Behbud bildirib. Onun sözlərinə görə, Azərbaycan dövlətinin dost və mehriban qonşuluq münasibəti qarşılığında hətta təsadüf belə olsa İranın raketlə qarşılıq verməsi qəbulolunmazdır. Dövlətimizi və xalqımızı hədəf seçənlər məyus və məğlub olacaqlar.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə QHT.az-a bildirib ki, Molla rejimi yenə də öz “üslubunu” göstərdi – danışanda qonşuluqdan, sülhdən danışırlar, amma arxadan zərbə vururlar. Belə riyakar siyasət heç vaxt uzunömürlü olmur. Tarix dəfələrlə sübut edib ki, qonşularına qarşı xainlik edən rejimlər sonda Ermənistan kimi məğlubiyyətlə üzləşir. Görünür, bu rejim də həmin yolun sonuna doğru sürətlə irəliləyir:
"İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisinə dron zərbəsi endirməsi molla rejiminin əsl simasını – nankorluq və riyakarlığını bir daha ortaya qoydu. Azərbaycan hər zaman qonşuluq və qarşılıqlı hörmət prinsipinə sadiq qalıb, heç vaxt İran və digər ölkələr üçün təhlükə mənbəyi olmayıb. Buna baxmayaraq, mülki infrastrukturu və insanların istifadə etdiyi hava limanını hədəf almaq dinc sakinlərə qarşı terror və acizlik göstəricisidir.
Məsələyə münasibət bildirirən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli isə bildirib ki, İran Silahlı Qüvvələrinin Naxçıvan ərazisinə dron hücumu etməsi həmin ölkənin Azərbaycana qarşı terror aktıdır. Mülki vətəndaşların istifadə etdiyi bir məkana qarşı edilən hücum molla rejiminin təxribatıdır. Xatırlatmaq istərdim ki, Azərbaycandan İran tərəfə qarşı nəinki hazırda, demək olar ki, əvvəlki dövrdə də heç bir zaman təhlükə olmayıb. Ölkəmizin ərazisindən İrana qarşı hər hansı bir xarici qüvvələrin hərbi müdaxiləsinə imkan verilməyib. Azərbaycan həm sivil qonşuluq prinsiplərinə, həm də diplomatik etiketlərə riyaət edib. Son hadisələr zamanı da mövcud diplomatik tendensiyalar və qonşuluq prinsipləri qorunub saxlanılıb:
"Amma, lakin irticaşı, islami dəyərlərdən uzaq düşən molla rejimi belə münasibətləri nəinki dəyərləndirə bilmədi, əksinə zərbə vurdu. Bu da onu göstərir ki, İrandakı rejim, başıpozuq silahlı dəstələr təxribatçı hərəkətləri ilə özlərinə qəbir qazırlar. İranın rəsmi strukturları bu terror aktına aydınlıq gətirməli, günahkarlar layiqli cəza almalıdır. Azərbaycan tərəfi reallığı nəzərə alaraq bütün təxribatların qarşısını almağa hazır olmalıdır. Bu zəruri məqamı İrandakı molla rejimi dərk etməlidir ki, ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə qarşı qəsd, düşmənçilik siyasəti bağışlanmazdır".
Pərvanə Fərhadqızı






