Beynəlxalq QHT-lər gəmiçilik sektorunda emissiyaların azaldılması ilə bağlı razılaşmanın zəiflədilməməsinə çağırış edib. “Clean Shipping Coalition” Beynəlxalq Dəniz Təşkilatına (IMO) üzv dövlətləri “Net-Zero Framework” çərçivəsini olduğu kimi qəbul etməyə çağırıb. 

QHT.az xarici mediaya istinadən xəbər verir ki, QHT-lərin narahatlığı bəzi ölkələrin təqdim etdiyi alternativ təkliflərlə bağlıdır. Təşkilat hesab edir ki, bu təkliflər gəmiçilik sektorunun karbon emissiyalarının azaldılması prosesini zəiflədə və qlobal iqlim hədəflərinə çatmağı gecikdirə bilər.

QHT koalisiyasının məlumatına görə, gəmiçilik sektoru qlobal istixana qazı emissiyalarının təxminən 2-3 faizini təşkil edir. “Net-Zero Framework” çərçivəsi gəmiçilik yanacaqlarından yaranan emissiyaların mərhələli şəkildə azaldılmasını və yüksək emissiyalara görə maliyyə mexanizmlərinin tətbiqini nəzərdə tutur.

Təşkilat xüsusilə Liberiya və Yaponiyanın alternativ təkliflərini tənqid edib. QHT-lər hesab edir ki, bu yanaşmaların qəbul edilməsi 2050-ci ilə qədər gəmiçilik sektorunda sıfır emissiya hədəfinə gedən yolu çətinləşdirə bilər.