Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz ilə bağlı layihənin yekun tədbiri keçirilib

Noyabrın 15-də Sosial Tədqiqatlar Mərkəzində Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi icra etdiyi “Qərbi Azərbaycanda dağıdılmış mədəni, tarixi və dini abidələrimiz: BMT-nin rəsmi veb səhifəsi üçün hesabat” adlı layihənin yekunları ilə bağlı tədbir keçirilib. Tədbirdə ixtisaslaşmış vətəndaş cəmiyyəti nümayəndələri, tədqiqatçı alimlər və media təmsilçiləri iştirak edib.

Tədbirin açılışında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclis üzvü Elşad Mirbəşir oğlu açılış çıxışı etmişdir

"Həyata keçirilən layihələr çox vacibdir"- Deputat

Sosial Tədqiqatlar Mərkəzinin sədr müavini, Milli Məclis üzvü Elşad Mirbəşir  çıxışında qeyd edib ki, Cənab prezidentin vurğuladığı kimi, biz hərb meydanında fəaliyyətimizi demək olar ki, başa vurmuşuq. “Amma informasiya meydanında mübarizəmiz sonsuzdur. Ermənistanınn Azərbaycan xalqının mədəni, tarixi və dini irsinə qarşı hər zaman təcavüzü mövzu olmuşdur. Bu istiqamətdə ermənilərin cinayətkar əməllərinin ifşa olunması üçün biz kifayət qədər ciddi fəaliyyət göstərə bilməmişik. Bu baxımdan həyata keçirilən layihələr çox vacibdir. Bu layihələrin həyata keçirilməsi bir neçə istiqamətdə Azərbaycanın haqlı mövqelərini müdafiə edir, təhlükəsizlik baxımından da əhəmiyyətlidir”.

Deputat qeyd edib ki, biz Ermənistanın terrorunu ifşa edirik, bununla da erməniləri Azərbaycan xalqına qarşı əsassız irad və ittihamlarını əhəmiyyətli dərəcədə neytrallaşdırmış oluruq: “Bu çox vacibdir. Azərbaycan ərazisində yaşamış ermənilər 2023-cü il 19-20 sentyabr tarixlərində lokal xarakterli antiterror tədbirlərindən sonra könüllü olaraq mal və mülklərini götürüb, Azərbaycan ərazisini tərk edib, Ermənistan ərazisinə keçmişlər. Azərbaycan regionda sülhü dəstəkləyir, ərazimizdə olan ermənilərə reinteqrasiya ilə bağlı çağrışlarda da səmimiyik. Onlar xalqımıza qarşı əsassız ittihamlar səsləndirdilər. Guya Azərbaycan ərazisində erməni irsi məhv edilir, məhv edilibdir. Lakin Bakının mərkəzində ermənilərə məxsus kilsəni müasir tələblərə uyğun təmir etdirmişik. Eləcə də Azərbaycan ərazisində müxtəlif xalqlara məxsus mədəni, tarixi, dini abidələr mövcuddur, biz hər zaman onların mühafizəsinin qeydinə qalmışıq”.

 

 Aygün Əliyeva: “Bu tarixi missiyanın yaxınlaşması üçün dövlət orqanları ilə bərabər, qeyri dövlət aktorları, Vətəndaş Cəmiyyəti, media nümayəndələri, hər birimiz bir nöqtəyə vurmalıyıq”.

Tədbirdə çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, artıq coğrafiyada yeni geosiyasi reallıqlar var və bu reallıqlarla bütün dünya ictimaiyyəti hesablaşır. "Bu reallıqlar bizim qarşımızda informasiya müharibəsində yeni və daha güclü alətləri düşünməyə vadar edir. Çünki uzun illər obyektiv və subyektiv səbəblərdən Azərbaycan öz tarixini yaratsa da, bu tarixi özü yaza bilməyib. Bilərəkdən milli və tarixi faktlar təhrif edilib.Artıq iqtisadi cəhətdən güclü Azərbaycan formalaşır .Bundan sonrakı informasiya müharibəsində də real informasiyanı ötürmək üçün bizim geniş imkanlarımız var”.

O, qeyd edib ki, mən çox şadam ki, Agentliyin qrant müsabiqəsi çərçivəsində uğurlu layihələr ortalığa çıxıb: “Agentliyə 150-ə yaxın Qərbi Azərbaycanla bağlı layihələrlə müraciət olunmuşdu. Biz onların az bir hissəsini maliyyələşdirdik. Seçim edərkən həm müstəqil ekspertlər, həm də Müşahidə Şurası üçün çox çətin idi, çünki ən uğurlu layihələri maliyyələşdirməli idik. İndi layihələrlə bağlı yekun tədbirlərin əksəriyyəti təsadüfi deyil ki, məhz noyabr ayına, Zəfər günlərinə təsadüf olunub. Bu tarixi zərurətdir. Hələ bu mövzuda çoxlu tədqiqat işlərinin aparılmasına ciddi ehtiyac var. İstər bu layihələr çərçivəsində hazırlanan sənədli filmlər, istər kitablar, müxtəlif Avropa ölkələrində-Madriddə, Haaqada və s. keçirilən beynəlxalq konfraslar nəticəli işlərin ortaya çıxmasından xəbər verir. Agentlik bundan sonra da bu istiqamətdə fəaliyyətini davam etdirəcək. 2024-cü il Qrant müsabiqəsində yenə də Qərbi Azərbaycan mövzusu aktual olaraq qalır. Qərbi Azərbaycana qayıdış prosesi ilə bağlı QHTlərdən milli və beynəlxalq əhəmiyyətli ideyalar olarsa, Agentlik olaraq hər zaman dəstək göstərməyə hazırıq”.

Aygün Əliyeva həmçinin əminliklə qeyd edib ki, Qarabağı görməyən, Qarabağa qayıdan uşaqlar, yeniyetmələr taleyini Qərbi Azərbaycanlılarla tez bir zamanda yaşayacaq: “Əminəm ki, Ali Baş Komandanın rəhbərliyi ilə biz də bu tarixi missiyaya şahidlik edəcəyik. Bu tarixi missiyanın yaxınlaşması üçün dövlət orqanları ilə bərabər, qeyri dövlət aktorları, Vətəndaş Cəmiyyəti, media nümayəndələri, hər birimiz bir nöqtəyə vurmalıyıq”.

 

Sahib Məmmədov çıxışında qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının insan hüquqları üzrə müqavilə orqanlarına 3 alternativ hesabat təqdim edilib. “Qərbi Azərbaycanda ermənilər tərəfindən məhv edilmiş, dəyişdirilmiş, o cümlədən erməniləşdirlmiş mədəni irsə, dağıdılmış qəbiristanlıqlara dair qısa mətnlərdən ibarət azərbaycan və ingilis dillərində  elektron kataloq hazırlanıb.

“X” (əvvəlki Twitter) sosial şəbəkəsində Qərbi Azərbaycanda dağıdılan mədəni irslə bağlı şəkilli, müvafiq həştəqlərdən istifadə olunmaqla twitlər yayımlanıb.”

 

 

 

 

Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial  Tədqiqatlar Mərkəzinin sektor müdiri, Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyev layihə çərçivəsində hazırlanan və müəllifi olduğu “Qərbi Azərbaycanda (İndiki Ermənistanda) məhv edilən, erməniləşdirilən və ya başqa xalqlara aid edilən abidələr” adlı elektron kataloqu təqdim edib.

Daha sonra “X” sosial şəbəkəsində məhv edilmiş mədəni irsə dair  yerləşdirilən məlumatlar haqqında da məlumatlar verilib.

 

 

Tədbirdə çıxış edərək QHT rəhbərləri Umud Mirzəyev, Çingiz Qənizadə, Əhməd Abbasbəyli, Səidə Qocamanlı, Məleykə Əlizadə, Niyaməddin Orduxanlı, Səadət Bənanyarlı və digərləri  layihə və görülən işlər barədə fikirlərini bildirmişdir.