Bu gün Azərbaycan-Amerika Gənclər Birliyinin icra etdiyi “Gənclərin mədəniyyətlərarası dialoq Forumu” çərçivəsində dəyimir masa keçirilib.

QHT.az xəbər verir ki, Dəyirmi masada Azərbaycanın son illərdə mədəniyyətlərarası dialoqda əldə etdiyi uğurların dünyanın bir çox ölkələrinə nümunə olması tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Təsadüfi deyildir ki, ölkəmizdə müxtəlif xalqlar sülh və dialoq şəraitində yaşayırlar. Məlum olduğu kimi Azərbaycan qədim sivilizasiyanın məskəni olaraq multi-etnik və müxtəlif millətlərin və etnik qrupların məskunlaşdığı bir ölkədir və müxtəlif millətlər əsrlərdir bu ölkədə sülh və anlaşma şəraitində yaşamışlar. Bütün bu həqiqətləri dünyaya çatdıran və əks etdirən www.youthinterculturaldialogue.az saytı təşkilat tərəfindən yaradılaraq istifadəyə verilmişdir. Vebsəhifə beynəlxalq auditoriya üçün Azərbaycanda mövcud olan tolerant və multikultural mühit və ölkəmizin mədəniyyətlərarası dialoqa verdiyi töhfədən, ölkəmizdə müxtəlif etnik xalqların harmoniyasından bəhs edir.

Bu məqsədlə tələbə və gənclərin iştirakı ilə dəyirmi masada gənclərin mədəniyyətlərarası dialoq və inteqrasiyaya verdiyi töhfə, bu sahədə gənclərin beynəlxalq əməkdaşlıq imkanları və gənclərin iştirakı müzakirə edilib.

Dəyirmi masada Azərbaycan-Amerika Gənclər Birliyinin sədri Vüqar Əhmədov yeni yaradılan veb səhifə haqqında məlumat verərək gənclərin mədəniyyətlərarası dialoq, beynəlxalq əməkdaşlıq və beynəlxalq layihələrdə gənclərin rolu ilə bağlı fikirlərini bildirib. Dəyirmi masada eyni zamanda qonaq qismində iştirak edən beynəlxalq layihələr üzrə mütəxəssis Amin Məmmədov gənclərin ölkəmizdə tolerantlıq mühitinin və multikultural dəyərlərin formalaşmasında iştirakı ilə bağlı qısa simulasiya oyunları təqdim edib. 

Qeyd edək ki, Dəyirmi masada iştirak edəcək iştirakçıların gələcəkdə bu sahədə keçirilən beynəlxalq layihələrə cəlb edilməsi nəzərdə tutulur.    

 

 

Pərvanə Fərhadqızı