Sentyabrın 1-dən 01.09.2022-ci il tarixdən Azərbaycan Respublikasının Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi tərəfindən “Şəkidə qadınların sahibkarlıq bacarıqlarının təkmilləşdirilməsi” layihəsinin icrasına start verilmişdir.
“Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri və layihənin rəhbəri Möhübbəli Nağıyev QHT.az-a verdiyi müsahibədə qeyd edib ki, artıq 2022-ci ilin sentyabr ayından layihənin icrasına başlamışıq, hazırda layihənin icra planına uyğun olaraq müvafiq sənədləşmə işləri həyata keçirilir. Həyata keçirdiyimiz layihənin əsas məqsədi Azərbaycan Respublikasının Şimal-Qərb bölgəsində (Şəki şəhərində) yaşayan və fəaliyyət göstərən qadın və qızların iqtisadi (sahibkarlıqla bağlı) mövzularda maarifləndirilməsindən, onların təcrübəli Biznes nümayəndələri, bank və müəssisə rəhbərləri ilə görüşlərini təşkil etməkdən, onları sahibkarlıq fəaliyyətinin sirləri ilə tanış etməkdən ibarətdir. Layihə, qadın sahibkarların bilik və bacarıqlarının təkmilləşdirilməsinə və onların regionun iqtisadi inkişafında aktiv sahibkarlıq fəaliyyətinə cəlb olunmasına istiqamətlənmişdir.
Qeyd olunan layihə çərçivəsində Şəki şəhərində yaşayan və qeyri-neft sektorunun müxtəlif sahəsində fəaliyyət göstərən 17 nəfər qadın sahibkarlar üçün təlimlər təşkil olunacaq, təlimlərdə iştirakçılar həm nəzəri biliklərlə maarifləndiriləcək və həm də onlar üçün “Biznes Klas”-lar təşkil olunacaq. Təlim və görüşlərə uğurlu sahibkarlıq fəaliyyəti ilə məşğul olan iş adamları dəvət olunacaq ki, iştirakçılar daha çox təcrübi əhəmiyyətli bacarıqlar əldə etsinlər. Təlimlərə cəlb olunan qadın sahibkarlarla söhbətlər aparılacaq, onları maraqlandıran suallar cavablandırılacaq və rastlaşdıqları çətinliklər müəyyən olunaraq həlli istiqamətində təlimçi və ekspertlər tərəfindən onlara müvafiq tövsiyə və məsləhətlər veriləcək. Bundan başqa, layihə çərçivəsində uğurlu biznes subyektlərindən birinə səfər nəzərdə tutulur ki, bu səfər zamanı iştirakçılar sahibkarlığın incəlikləri və sirləri ilə yaxından tanış olacaqlar.
Fürsətdən istifadə edib, Şəki şəhərində yaşayan xalq təsərrüfatının müxtəlif sahələrində çalışan qadın sahibkarları (fiziki və hüquqi şəxsləri) təlimlərə dəvət edirəm. Nəzərə almaq lazımdır ki, qeydiyyat davam edir və yerlər məhduddur. (Əlaqə vasitələri: Ünvan: Azərbaycan Respublikası, Şəki şəhəri, M. Müşfiq küçəsi 45B, Tel: (050) 5779859, e-mail: [email protected], [email protected]). Ümid edirik ki, layihə çərçivəsində təşkil olunacaq tədbirlər qadın sahibkarların gələcək fəaliyyətlərinə, həmçinin Şəkidə sahibkarlığın inkişafına daha effektiv təsir göstərəcəkdir.
Qeyd edim ki, “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi 2006-cı ilin avqust ayında yaradılmış və 03 iyul 2007-ci ildə dövlət qeydiyyatından keçərək hüquqi şəxs statusu almışdır. Təşkilatın əsas fəaliyyət istiqaməti “Ölkədə yaşayan əhalinin və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamlarının (sahibkarların, fermerlərin, sənətkarların), eləcə də, gənclərin, qadınların, əlillərin hüquqi, təşkilati və sosial-iqtisadi sahələrdə maarifləndirilməsindən və ümumilikdə Azərbaycan Respublikasının iqtisadi inkişafına dəstək olmaqdan ibarətdir. Layihə 2 ay müddətində davam edəcəkdir!












