Müasir dövrdə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculuğu prosesinin vacib institutlarından birinə çevrilmişdir. Belə şəraitdə dövlət orqanları ilə qeyri-hökumət sektorunun bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında sıx əməkdaşlığı demokratiyanın dərinləşməsi və ictimai nəzarət baxımından böyük əhəmiyyət kəsb edir.
Ədliyyə Nazirliyi çoxşaxəli fəaliyyət istiqamətlərinə uyğun olaraq vətəndaş cəmiyyətinin inkişafına töhfəsini verir, əhalinin bu sahədə hüquqi biliklərinin artırılmasına yönələn tədbirlər həyata keçirir.
Növbəti belə məlumatlandırma qeyri-hökumət təşkilatının əmlakının formalaşdırılma mənbəyi kimi xidmətlər göstərilməsindən, işlər görülməsindən daxilolmalar mövzusuna həsr edilmişdir.
Qeyri-hökumət təşkilatı tərəfindən xidmətlərin göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir. Qanunvericilikdə yalnız xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilənin qeydə alınması tələbi nəzərdə tutulmuşdur.
“Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 oktyabr tarixli 337 nömrəli qərarı ilə təsdiq edilmişdir.
Həmin Qaydaya əsasən müqavilələr, bağlanıldığı tarixdən 15 gündən gec olmayaraq, xidmət göstərən (iş görən) qeyri-hökumət təşkilatı tərəfindən qeydiyyata alınması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. Müqavilənin qeydiyyata alınması üçün bu Qaydanın 1 və 2 nömrəli əlavələrində göstərilmiş ərizəyə aşağıdakı sənədlər əlavə edilir:
- müqavilənin, o cümlədən əlavə müqavilənin və ya ona edilmiş dəyişikliyin tərəflərin imzaladığı əslinin nüsxəsi;
- göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan əcnəbi və ya vətəndaşlığı olmayan fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- göstərilən xidmətlərin və ya görülən işlərin sifarişçisi olan xarici hüquqi şəxsin qeydiyyatını, kommersiya və ya qeyri-kommersiya olduğunu təsdiq edən sənədin (ticarət reyestrindən çıxarışın, qeydiyyat şəhadətnaməsinin) notariat qaydasında təsdiq edilmiş surəti;
- müqavilə üzrə göstərilən xidmətlər və ya görülən işlər barədə sifarişçi tərəfindən imzası ilə təsdiq olunmuş ətraflı məlumat (məqsədi, müqavilənin başlama və başa çatma tarixi, mövcud vəziyyət, gözlənilən nəticə, faydalanan şəxslərin dairəsi, iş və xidmətin həcmi, göstəriləcəyi yer və məbləği);
- təşkilatın adından başqa şəxs ərizəni verdiyi halda, onun səlahiyyətini təsdiq edən etibarnamə;
- müqavilə qanuni təmsilçi olmayan şəxs tərəfindən imzalandıqda, onun müvafiq səlahiyyətə malik olması barədə sənədin notariat qaydasında təsdiq edilmiş surəti;
- müqavilənin digər icraçıları olduqda, onlar barədə məlumat.
- Xarici dildə olan müqavilənin və digər sənədlərin notariat qaydasında təsdiq edilmiş tərcüməsi də əlavə edilməlidir. Xarici ölkədə tərtib edilmiş sənədlər həmçinin leqallaşdırılmalı və ya onlara apostil verilməlidir.
Ədliyyə Nazirliyi 15 gün ərzində təqdim edilmiş sənədlərin qüvvədə olan qanunvericiliyin tələblərinə uyğunluğunu (sənədlərin təqdim edilməsi və həmin sənədlərdə göstərilmiş məlumatların düzgünlüyü, müqaviləni imzalamış şəxsin müvafiq səlahiyyətə malik olması, müqavilənin tərəfi kimi iştirak edən qeyri-hökumət təşkilatının təsis sənədlərinin qanunvericiliyə uyğunluğu və sairə) yoxlayır.
Təqdim edilmiş sənədlərdə qeydiyyata alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Ədliyyə Nazirliyi müqavilənin qeydiyyata alınmasını dayandırır və həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 5 iş günü müddət təyin edir.
Müqavilənin qeydiyyata alınmasından imtina edilməsi üçün əsas olmadıqda Ədliyyə Nazirliyi ərizə və sənədlərin təqdim edildiyi tarixdən 15 gün müddətində müqaviləni qeydiyyata alır və qeyri-hökumət təşkilatına bunu təsdiq edən bildiriş verir. Sənədlərin əlavə araşdırılması zərurəti yarandıqda, bildirişin verilməsi müddəti 15 günədək uzadılır.
Müqavilə olmadan və ya qeydiyyata alınmayan müqavilələr üzrə bank əməliyyatları və hər hansı digər əməliyyatlar aparıla bilməz.
Qeyd edilməlidir ki, müqavilələrin qeydiyyata alınması ilə bağlı nəzərdə tutulmuş tələblər əlavə müqavilələrə, habelə onlara istənilən dəyişikliklərin edilməsi hallarına da şamil olunur.
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi
Ədliyyə sahəsində xidmətlər baş idarəsi
Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti
idarəsinin Qeyri-hökumət təşkilatları ilə iş şöbəsinin məsləhətçisi
II dərəcəli ədliyyə qulluqçusu
Zamanova Nərmin Nüsrət qızı












