“İİV-infeksiyası/QİÇS pandemiyası dünya səhiyyəsinin infeksion xəstəliklər sahəsində ən ciddi problemlərindən biridir. Xəstəliyin qarşısının alınması üçün görülən tədbirlər və onun müalicəsi arasında qarşılıqlı əlaqə nəticəsində nailiyyətlərin artdığı, yeni yoluxmaların sayının dünyanın bir çox yerində azalmaqda davam edir. Azərbaycanda da bu problem aktual olaraq, daim Səhiyyə Nazirliyinin nəzarətindədir”.
Bu sözləri 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə günü ilə bağlı Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramil Göyüşov QHT.az-a bildirib. QHT sədri qeyd edib ki, Azərbaycan İİV-infeksiyanın ən az yayıldığı ölkələr sırasındadır: “QİÇS-lə mübarizə istiqamətində beynəlxalq təcrübədən istifadə edən Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik vasitələrin istifadəçiləri arasında yayılıb. Respublikamızın hər yerində QİÇS-lə mübarizə sahəsində məqsədyönlü işlər görülür. Qərb-Resurs İctimai Birliyi Qərb reqionunda Beynəlxalq QİCS-lə mübarizə gününə həsr olunmuş bir sıra maarifləndirici tədbirlər keçirir və təşkilat QİCS-lə mübarizə prosesində aktiv iştirak edir.
Pərvanə Fərhadqızı












