Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı olan Soltan Məmmədov 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət etməyə başlayıb, 2020-ci ilin sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 10-da həmin istiqamətdə döyüş tapşırığını yerinə yetirirkən qəhrəmancasına şəhid olub.

QHT.az xəbər verir ki, o, 1981-ci il iyulun 21-də Yevlax rayonunun Səmədabad kəndində anadan olub. O, 1997-1999-cu illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 1999-2003-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb.

Soltan Məmmədov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Ruhu şad olsun!