Bu gün Belçikanın paytaxtı Brüsseldə "Qara Dəniz Regionunda Sülh və Təhlükəsizlik üçün Qadınların Birgə Təşəbbüsləri" adlı beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Qadın İslahatçıları və İnnovasiyalar" İctimai Birliyinin təşkilatçılığı ilə baş tutub.
QHT.az xəbər verir ki, konfransda bölgədə qadınların sülh və təhlükəsizliyin təmin olunmasında oynadıqları mühüm rol və bu istiqamətdə aparılan işlər müzakirə edilib. İştirakçılar arasında Qara dəniz regionu ölkələrinin nümayəndələri, beynəlxalq ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edərək, sülhə nail olmaq üçün qadın liderliyinin əhəmiyyətindən bəhs ediblər.
Tədbirin məqsədi regionda sülh və təhlükəsizliyin təşviqində qadınların rolunu gücləndirmək və onların birgə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Konfrans zamanı sülh təşəbbüsləri, regional təhlükəsizlik məsələləri və gender bərabərliyi mövzularında panel müzakirələri təşkil edilib.
Qara dəniz regionunda davamlı sülhün və təhlükəsizliyin təmin olunmasında qadınların rolu xüsusi vurğulanaraq, bu təşəbbüslərin gələcəkdə daha geniş miqyasda tətbiq edilməsinin vacibliyi qeyd olunub.
Pərvanə Fərhadqızı






