Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Füzuli şəhərində özünüməşğulluq proqramı çərçivəsində yaradılmış kiçik ailə təsərrüfatlarına səfər təşkil olunub.
Səfərdə iştirak edən “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İB-nin sədri Cəsarət Hüseynzadə bildirib ki, beynəlxalq təcrübə sosial dəstəyin ən dayanıqlı formasının vətəndaşın məşğulluğunun təmin edilməsi olduğunu göstərir.
Onun sözlərinə görə, özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatları insanların sosial rifahının yüksəldilməsi və iqtisadi müstəqilliyinin gücləndirilməsi baxımından ən səmərəli mexanizmlərdən biridir.
C.Hüseynzadə qeyd edib ki, proqram hazırda Qarabağ və Şərqi Zəngəzurda da uğurla icra olunur. O vurğulayıb ki, doğma torpaqlarına qayıdan vətəndaşların məşğulluq imkanları qiymətləndirilir, onlara uyğun dəstək mexanizmləri təklif edilir.
İctimai birlik sədri proqramın inkişafı istiqamətində tətbiq olunan yeniliklərin də diqqətçəkən olduğunu bildirib. Onun sözlərinə görə, artıq uğurlu fəaliyyət göstərən ailələr üçün biznesin genişləndirilməsi, daha böyük həcmdə dəstəyin göstərilməsi və əlavə işçi qüvvəsinin əməkhaqqının maliyyələşdirilməsi kimi imkanlar yaradılıb.
“El arasında belə bir deyim var: ‘Mənə balıq vermə, balıq tutmağı öyrət’. Özünüməşğulluq proqramının əsas fəlsəfəsi də məhz bundan ibarətdir. Məqsəd vətəndaşa yalnız birdəfəlik yardım göstərmək deyil, onun öz zəhməti hesabına davamlı gəlir əldə etməsinə, iqtisadi cəhətdən güclənməsinə və ailəsinin rifahını təmin etməsinə şərait yaratmaqdır”, - deyə C.Hüseynzadə əlavə edib.
O bildirib ki, bu cür proqramların daha da inkişaf etdirilməsi ölkədə sosial rifahın yüksəldilməsi və dayanıqlı iqtisadi inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.






