Binəqədi Rayon Mərkəzi Kitabxanasında insan hüquqları və rəqəmsal resurslar mövzusunda təqdimat keçirilib.

QHT.az xəbər verir ki, “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquqları sahəsində biliklərin artırılması və rəqəmsal resurslardan istifadə üzrə məlumatlılığın gücləndirilməsi məqsədilə iyunun 16-da Hüquq və İnsan Haqları İnstitutu tərəfindən Binəqədi Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları və fəal oxucular üçün maarifləndirici təqdimat təşkil olunub.

Tədbirdə İnstitutun hüquq tədqiqatçısı Qələndər İsbəndiyarov və təlimçi Əmrah Rəhimli çıxış edərək insan hüquqlarının əsas prinsipləri, bu sahədə maarifləndirmənin əhəmiyyəti, eləcə də İnstitutun həyata keçirdiyi rəqəmsal təşəbbüslər barədə ətraflı məlumat veriblər.

İştirakçılara İnstitutun “Hüquq və insan haqları virtual kitabxanası”, PASS platforması, rəqəmsal xəritəsi və digər rəqəmsal təşəbbüsləri təqdim olunub və bu resursların vətəndaşların məlumat əldə etmək imkanlarının genişləndirilməsinə verdiyi töhfələr diqqətə çatdırılıb.