Africa–Azerbaijan Cooperation (AFAZ) təşkilatının dəvəti ilə Nigeriyanın Milli Texnologiya İnkubasiyası Şurasının (NBTI) Baş Direktoru və Baş İcraçı Direktoru Dr. Kazeem Kolawole Raji Azərbaycana rəsmi səfər edib.

Africa–Azerbaijan Cooperation (AFAZ) Azərbaycan ilə Afrika ölkələri arasında ticarət, investisiya, innovasiya, təhsil, turizm və biznes əməkdaşlığının inkişafını təşviq edən beynəlxalq platformadır. Təşkilatın əsas məqsədi dövlət qurumları, biznes dairələri və investorlar arasında etibarlı əməkdaşlıq körpüsü yaratmaq, qarşılıqlı investisiyaları və iqtisadi əlaqələri genişləndirməkdir.

Səfər çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (IDDA), ASAN Xidmət və Azərkosmos ilə görüşlər keçirilib, texnologiya, innovasiya, rəqəmsal transformasiya, startap ekosistemi və sahibkarlıq sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Nümayəndə heyəti, həmçinin AFAZ-ın baş sponsoru olan KARVAN L şirkətində olmuş və şirkətin yeni iri investisiya layihəsi ilə tanış olub. Layihə Nigeriya nümayəndə heyəti tərəfindən böyük maraqla qarşılanıb, sənaye, texnologiya və investisiya istiqamətlərində gələcək əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüşlər zamanı Azərbaycan və Nigeriya arasında iqtisadi, texnoloji və investisiya əməkdaşlığının inkişafı, eləcə də Nigeriya şirkətlərinin Azərbaycanda keçirilən beynəlxalq sərgilərdə, biznes forumlarında, investisiya tədbirlərində və innovasiya platformalarında fəal iştirakının təşviqi məsələləri müzakirə edilib.

AFAZ bundan sonra da Azərbaycan ilə Afrika ölkələri arasında davamlı iqtisadi tərəfdaşlığın qurulması, birgə layihələrin həyata keçirilməsi, biznes missiyalarının təşkili və qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir.