“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyi növbəti layihəsini reallaşdırıb: “İstedadlar Akademiyası”nda Aşıq yaradıcılığına həsr olunmuş ustad dərsi keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "İstedadlar Akademiyası" layihəsi çərçivəsində həyata keçirilən növbəti Ustad Dərsini peşəkar musiqiçi — Xəzər rayonu Binə qəsəbəsi 24 nömrəli 11 illik musiqi məktəbinin saz ixtisası üzrə müəllimi, Azərbaycan Aşıqlar Birliyinin üzvü Cavanşir Quliyev keçib. Ustad sənətkar öz zəngin təcrübəsini gənc saz ifaçıları ilə bölüşərək onlara aşıq sənətinin sirlərini, ifaçılıq texnikasını və bu qədim irsin incəliklərini aşılayıb. Olduqca maraqlı və faydalı keçən dərs gənc istedadların böyük marağına səbəb olub.
Tədbirdə gənc istedadlarla yanaşı, ictimaiyyət nümayəndələri və valideynlər də yaxından iştirak ediblər. QHT sədrləri Güllü Tomarlı və Bəsti Nəsibova ustad dərsinə qatılaraq gənclərə və layihə rəhbərliyinə öz dəstəklərini nümayiş etdiriblər.
“İstedadları Tanıyaq və Tanıdaq” İctimai Birliyinin rəhbərliyi layihənin uğurla icra olunmasına yaradılan şəraitə və göstərilən diqqətə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə dərin minnətdarlığını bildirib.
Eyni zamanda, tədbirə öz peşəkarlığı ilə xüsusi rəng qatan ustad müəllim Cavanşir Quliyevə, dəvəti qəbul edən QHT sədrlərinə və övladlarının milli ruhda böyüməsinə dəstək olan bütün valideynlərə təşəkkür ediblər.
Bundan öncə layihə çərçivəsində xanəndəlik və ifaçılıq, rəsm, rəqs üzrə Ustad dərsləri keçirilib, növbəti ustad dərsi 6 iyul tarixində Gədəbəy rayonunda olacaq, daha sonra yenidən Bakıda qiraətçilik, instrumental musiqi alətlərində ifaçılıq üzrə ustad dərsləri davam edəcək və layihənin sonunda yekun hesabat konserti olacaq.
Birliyin sədri, layihə rəhbəri qeyd edib ki, layihənin davamlılığı birliyin kollektivi və könüllüləri tərəfindən qorunacaq, bu cür layihələr il ərzində davamlı keçiriləcək.






