Nepalda baş verən daşqınlar nəticəsində təxminən 43 min qadın və qız uşağının təcili humanitar yardıma ehtiyacı yaranıb. Xüsusilə hamilə və süd verən qadınlar, əlilliyi olan şəxslər və digər həssas qruplar ciddi risklərlə üzləşib.

QHT.az xarici mediaya istinadən bildirir ki, UN Women-ın Asiya və Sakit Okean üzrə Regional Direktoru Kristin Arab bildirib ki, daşqınlardan zərər çəkən ərazilərdə qadınların əsas problemləri ərzaq və təhlükəsiz su çatışmazlığı, zorakılıq və istismar risklərinin artmasıdır.

Daşqınlar nəticəsində su sistemləri, yollar və körpülər dağılıb. Bu isə xüsusilə əvvəldən su toplamaq üçün uzun məsafələr qət edən qadınların təhlükəsiz suya çıxışını daha da çətinləşdirib. Eyni zamanda ayrıca və təhlükəsiz tualetlərin, işıqlandırmanın və şəxsi məkanın olmaması qadın və qızların təhlükəsizliyi üçün əlavə risk yaradır.

UN Women-ın məlumatına görə, Nepalda ödənişsiz ev və qayğı işlərinin təxminən 85 faizini qadınlar həyata keçirir. Daşqınlar nəticəsində evlərin, məktəblərin və digər xidmətlərin zədələnməsi onların üzərinə düşən yükü daha da artırıb.

Təşkilat qadınların və qadın rəhbərli təşkilatların humanitar yardım və bərpa prosesində qərarların qəbuluna fəal şəkildə cəlb edilməsinin vacibliyini vurğulayıb. UN Women bildirir ki, yardım qadın və qızların xüsusi ehtiyaclarını nəzərə almalı və onların bərpa prosesində bərabər iştirakını təmin etməlidir.