01 fevral 2022- ci il tarixindən Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həssas ailələrə dəstək” layihəsi icra olunur.
Bu barədə QHT.az-a layihə rəhbəri, Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülqədəm Mirzəzadə məlumat verib.
"Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonrakı durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti xüsusi əhəmiyyət kəsb edir. Dünya praktikasına əsasən müharibədən sonra müharibə iştirakçıları, həlak olanların ailələri post-travmatik stress pozuntusu yaşadığı üçün onlara psixoloji dəstəyin göstərilməsi vacib hesab edilir. Azərbaycanda da Vətən müharibəsindən sonra qazilərə, şəhid ailələrinə psixoloji yardım və dəstək göstərilir.
İkinci Qarabağ müharibəsində şəhid olan müxtəlif rütbəli igidlərimizdən 43 nəfəri Neftçala rayonundandır. Neftçalada Qadınların Sosial İnkişafına Dəstək İctimai Birliyi tərəfindən icra olunan layihə Neftçala rayonuna yönəlmişdir.
Layihənin işçi qrupuna “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin baş psixoloqu, Xəzər universitetinin Təhsil fakültəsinin baş müəllimi, Azərbaycan, Rusiya, Almaniya, Türkiyə və İngiltərədə psixologiya üzrə təhsil almış, Dünya Pozitiv Psixoterapiya Assosisiyasının, Beynəlxalq Ailə Akademiyasının, Rusiya Təhsil Psixoloqları Federasiyasının, Rusiya Perinatal Psixologiya və Tibb Assosisiyasının, Beynəlxalq Psixologiya və İdarəetmə İnstitutunun, Beynəlxalq Fundamental Təhsil Universitetinin, Sankt-Peterburq Klinik Psixologiya və Psixoterapiya İnstitutunun elmi şürasının üzvü Elmira xanım Mirzəyeva dəvət edilmişdir."
Layihənin işçi qrupu Şəhidlik zirvəsini fəth etmiş igidlərimizin yaşadığı, Qalib Azərbaycan Bayrağının məğrur-məğrur dalğalandığı BAYRAQLI EVLƏRİN yerləşdiyi ünvanda ailələrlə görüşür, layihənin məqsəd və vəzifələrini icra edir.
BAYRAQLI EVLƏR
Müqəddəs Kəbədi, pirdi, ocaqdı,
Üçrəngli bayraqlar ucalan evlər.
Vətən harayına isti qucaqdı,
Üçrəngli bayraqlar ucalan evlər.
O evdə sevginin adı Vətəndir,
Ata da, Ana da, Vətən də təndir,
O ev haraylara, haya yetəndir,
Üçrəngli bayraqlar ucalan evlər.
O evin kərpici, suvağı qürur!
O evin bacası, tavanı məğrur!
O evdə yaşayan zirvədə durur!
Üçrəngli bayraqlar ucalan evlər.
O ev bu millətin əsərindədir,
O otaq, çarpayı öz yerindədir,
Allahın nəzəri üzərindədir,
Üçrəngli bayraqlar ucalan evlər.












