“Sahibsiz uşaqlara kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Narkomaniya ilə mübarizədə polis, valideyn, müəllim qrupları ilə birgə təşəbbüslərin həyata keçirilməsi” layihəsinə 05 sentyabr 2022-ci il tarixdən etibarən start verildi.
Bildirək ki, təşkilat 2006-ci ildən bəri küçə uşaqlrı ilə iş aparır. Bu illər ərzində dəfələrlə uçurumun kənarında olan uşaqlarla görüşüb onlara yardım etmişik.
2022-ci ilin birinci yarısında isə təşkilata müraciət edən valideynlərin xahişi ilə biz keçmiş Papanin, indiki C.Məmmədquluzadə, Rasim Səfərov, Novruzov qardaşları küçələrində, Sabunçu rayonunda, Maştağada həm könüllü, həm də layihə çərçivəsində iş aparmışıq. Bu işdə bizə hüquq-mühafizə orqanlarının əməkdaşları da yardım etmişdir.
Cinayətkar qrupların əsas hədəf qrupları orta məktəb şagirdləridir. Onlar bunun üçün müxtəlif vasitələrdən istifadə edirlər ki, biz də gecikmədən öz fəaliyyətimizi həyata keçirməliyik. Təklif edilən ideya bundan ibarətdir ki, bu dəfə təşkilat yenə də Bakı kəndləri ilə yanaşı, Azərbaycanın Lənkəran, Masallı rayonlarında hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə maarifləndirici iş aparsın.
Belə fəaliyyət yeniyetmələrlə iş şöbəsinin əməkdaşları ilə uşaqlar, valideynlər arasında da əməkdaşlığı bərkidir, eyni zamanda QHT-polis əməkdaşlığı üçün də effektlidir. İlk tədbirlərin Bakı kəndlərində keçirilməsi nəzərdə tutulur.
Təşkilat bu günlərdə Sabunçu rayonunda yerləşən 310, Nəsimi rayonunda yerləşən 54 və Binəqədi rayonunda yerləşən 3 saylı tam orta məktəblərdə Narkomaniyaya qarşı hüquq-mühafizə orqanlarının nümayəndələri ilə birgə maarifləndirici tədbirlər keçirdi.
Tədbir iştirakçıları narkotik vasitələrindən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər. Açılışı “Sahibsiz uşaqlara kömək” İctimai Birliyinin sədri M. Abbasova etdikdən sonra qonaqlar növbə ilə çıxışlar edərək şagirdlərin yeniyetməlik dövrünü ən sağlam şəkildə keçirməkləri, asudə vaxtlarında səmərəli, həvəs göstərdikləri aktivliklərlə məşğul olmaları, əsla kənardan tanımadıqları insanlarla yaxından ünsiyyət qurmamaları, zərərli vərdişlər-siqaret, narkotik vasitələr, qeyri-sağlam həyat tərzi sürməyin fəsadları barədə ətraflı və marifləndirici çıxışlar etdilər.
Şagirdləri maraqlandıran sualları cavabladıqdan sonra, şagirdlərin nə zaman köməyə ehtiyacları olduqda bir telefon zəngi və ya sosial şəbəkələrdən mesaj qədər yaxınlarında olduqlarını, təhlükə hiss etdikdə mütləq polis əməkdaşları, uşaq qaynar xətt əməkdaşlarına məlumat vermələrini vurğuladılar.
Daha sonra “Sahibsiz uşaqlara kömək” İctimai Birliyinin layihə eksperti Vəfa Saleh müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr barədə məlumat verdi. Yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması və gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan, narkotiklə bağlı qəbul olunmuş 2019-2024-ci illəri əhatə edən Dövlət Proqramından danışdı və ətraflı məlumat verdi. Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.












