18 dekabr – Beynəlxalq Miqrant Günü münasibətilə, Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva, QHT.az-ın suallarına cavab olaraq, miqrant qadınların qarşılaşdığı əsas sosial və hüquqi problemləri, regionlarda yaşayan miqrant qadınların vəziyyətini və dövlətin bu sahədə atdığı addımları müzakirə edib. Zenfira Mustafayeva, miqrant qadınların iqtisadi və sosial vəziyyətlərinin yaxşılaşdırılması, cəmiyyətə inteqrasiya və hüquqlarının qorunması üçün dövlət və qeyri-hökumət təşkilatlarının birgə səylərinin vacibliyini vurğulayıb.
QHT sədri miqrantların əsasən qazanc əldə etmək üçün xarici ölkələrə gedən və burada müəyyən bir müddət məskunlaşan şəxslər olduğunu qeyd etdi: "Qanuni sənəd daşıyan miqrantların hüquqları qorunur, lakin qanunsuz miqrantlar daha çox çətinliklərlə üzləşir. Azərbaycan iqtisadiyyatının inkişafı ilə əlaqədar olaraq, xaricdən iş üçün gələn miqrant qadınların sayı artıb. Miqrant qadınların qarşılaşdığı əsas problemlər arasında iş tapmaq, iqtisadi müstəqillik qazanmaq və cəmiyyətə inteqrasiya olmaqla bağlı çətinliklər mövcuddur. Xüsusilə regionlarda yaşayan miqrant qadınların şəhərdəki qadınlarla müqayisədə daha çox sosial problemlərlə üzləşdiklərini, lakin dövlət və qeyri-hökumət təşkilatlarının bu məsələlərə həssas yanaşaraq dəstək göstərir. Azərbaycan dünyada ən çox daxili miqrantların məskunlaşdığı ölkədir. Ərazilərin işğalı nəticəsində 70% miqrantlar ölkə daxilində məskunlaşıb. Miqrant qadınların işlə təmin olunması və sosial yardımların onlara yönəldilməsi böyük önəm daşıyır".
Miqrant qadınların iqtisadi təminatının artırılması və onlara dəstək verilməsi üçün yerli və beynəlxalq təşkilatların birgə səylərinin vacib olduğunu vurğulayan QHT sədri dövlətin miqrantların hüquqlarının qorunmasına və cəmiyyətə inteqrasiya olunmalarına ciddi yanaşdığını qeyd etdi.
Son olaraq, Zenfira Mustafayeva dövlətə, cəmiyyətə və beynəlxalq təşkilatlara miqrant qadınların daha çox dəstəklənməsi və onların iqtisadi cəhətdən daha güclü olmalarına yönəlmiş çağırışlarını bildirdi.
Pərvanə Fərhadqızı
QHT.az






