"Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək" İctimai Birliyinin sədri Səbinə Kərimova QHT.az-a özəl açıqlamasında əlilliyi olan miqrantların üzləşdiyi çətinliklər və bu istiqamətdə görülən işlər haqqında danışıb.

Səbinə Kərimovanın sözlərinə görə, əlilliyi olan miqrantlar səhiyyə xidmətlərindən yararlana və vəkilə müraciət edə bilirlər, lakin bu xidmətlər ödənişli əsasda həyata keçirilir, çünki səhiyyə xidməti yalnız ölkə vətəndaşları üçün sığortalanıb: "Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 10 il müddətinə məcburi dövlət sosial sığorta haqqından azaddırlar. Bundan əlavə, investisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə Vergi Məcəlləsində müxtəlif sahəvi və ümumi xarakterli 129 güzəşt və azadolma mövcuddur".

Səbinə Kərimova bildirib ki, təşkilatlarına müraciət edən əlil miqrantların və onların ailə üzvlərinin problemləri ilə yaxından maraqlanır və bu müraciətləri lazımi idarə və təşkilatlara yönləndirir. "Ən çox müraciətlər daimi qeydiyyatla bağlı olur. Biz bu müraciətləri birbaşa Dövlət Miqrasiya Xidmətinə göndəririk və həmişə onların dəstəyini hiss edirik," – deyə o qeyd edib.

Təşkilatın birbaşa olmasa da dolayı yolla Beynəlxalq Miqrasiya Təşkilatı, Qızıl Aypara Cəmiyyəti və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq etdiyini vurğulayan QHT sədri bu əməkdaşlığın əlilliyi olan miqrantların sosial müdafiəsinin gücləndirilməsində əhəmiyyətli olduğunu bildirib.

Səbinə Kərimova miqrant əlillərlə bağlı qanunvericilikdə mövcud boşluqların aradan qaldırılması və onların hüquqlarının daha geniş qorunması üçün səylərin artırılmasının vacib olduğunu qeyd edib. O, təşkilatın bu istiqamətdə davamlı fəaliyyətini vurğulayıb və əlilliyi olan miqrantların sosial və hüquqi müdafiəsi üçün lazımi dəstək göstərilməyə davam edəcəyini bildirib.

 

Pərvanə Fərhadqızı

QHT.az