"Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov Kambocanın Siem Reap-Angkor şəhərində 24-29 noyabr 2024-cü il tarixlərində keçirilmiş “Piyadalar əleyhinə minaların istifadəsi, ehtiyatının toplanması, istehsalı və ötürülməsinin qadağan olunması və onların məhv edilməsi” haqqında Konvensiyaya Üzv Dövlətlərin 5-ci İcmal Konfransının nəticələri barədə məlumat verib.

QHT.az xəbər verir ki, o, bildirib ki, konfransda konvensiyaya üzv dövlətlər, Azərbaycan Respublikasının da daxil olduğu müşahidəçi dövlətlər, BMT agentlikləri, beynəlxalq mina təmizləmə və humanitar təşkilatlar, mina qurbanları və media nümayəndələri iştirak edib. Əsas müzakirələr konvensiyanın tələblərinin yerinə yetirilməsi, mina qurbanlarının problemlərinin həlli və ABŞ-ın Ukraynaya mina göndərməsinin qınanması məsələləri ətrafında gedib: 

"Konfransda növbəti 5 il üçün fəaliyyət planı qəbul edilib və bəzi ölkələr tərəfindən siyasi deklarasiya imzalanıb. Azərbaycan bu konfransda rəsmi səviyyədə təmsil olunub. Eyni zamanda, "Minalar Əleyhinə Azərbaycan Kampaniyası"nın iki üzvü QHT təmsilçisi kimi iştirak edib. Təşkilat nümayəndələri konfrans çərçivəsində keçirilən yan tədbirlərdə iştirak edərək Azərbaycanın mina problemləri barədə ətraflı məlumat təqdim ediblər. Həmçinin təşkilatın hesabatları təqdim olunub, iştirakçıların sualları cavablandırılıb və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilib".

Hafiz Səfixanov əlavə edib ki, bu tədbirlər mina qurbanlarının problemlərinin həllinə və konvensiyanın tələblərinin tam icrasına yönəlmiş səylərin gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

Pərvanə Fərhadqızı