Yeddi saatdan çox davam edən uçuş zamanı aviaşirkət heyəti qadının təyyarədə biletsiz olduğunu aşkar edib.

QHT.az xəbər verir ki, İtaliyanın Milan şəhərində biletsiz təyyarəyə minməkdə şübhəli bilinən rusiyalı Svetlana Dali saxlanılıb. CNN-in hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən verdiyi məlumata görə, o, Newark Liberty Beynəlxalq Hava Limanında aviaşirkət əməkdaşlarının yanından keçərək United Airlines-ə məxsus, 364 yerlik Boeing 777-200 təyyarəsinə minib. Təyyarə Nyuarkdan havaya qalxdıqdan sonra uçuş zamanı onun biletsiz olduğu müəyyən edilib və Milan hava limanına eniş edən kimi saxlanılıb.

United Airlines hadisə ilə bağlı araşdırma aparıldığını və müvafiq qurumlarla əməkdaşlıq edildiyini açıqlayıb. FTB də fakt üzrə araşdırmaya qoşulub.

Bu, Dalinin ilk belə hadisəsi deyil. O, 2024-cü ilin noyabrında da Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanından Parisə biletsiz uçuşa minmiş, sonradan saxlanılaraq ABŞ-a qaytarılmışdı. Məhkəmə tərəfindən təqsirli bilinən qadın bir müddət həbsdə saxlanılmışdı. İstintaq zamanı onun daha əvvəl də bir neçə dəfə sənədsiz uçuşa cəhd etdiyi məlum olub.

 

R.İmanov