Ötən həftə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) birgə təşkilatçılığı ilə tədbir təşkil olunub.

QHT.az xəbər verir ki, tədbirin əsas məqsədi Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin və BMTİP-in icra etdiyi “Məcburi köçkünlər və həssas icma üzvlərinin iqtisadi imkanlarının gücləndirilməsi və yaşayış səviyyəsinin artırılmasına dəstək” layihəsi çərçivəsində biznes təlimlərini uğurla başa vurmuş şəxsləri sertifikatla təltif etmək, eləcə də iştirakçıları gender və icma quruculuğu mövzularında maarifləndirmək olub.

Tədbir Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev və BMTİP-nin Proqram məsələləri üzrə müşaviri Leyla Fəthinin salamlama nitqi ilə başlayıb. Daha sonra “Sahibkarlıq və Biznes bacarıqlarının inkişaf etdirilməsi” təlimini uğurla başa vurmuş 69 nəfərə sertifikatlar təqdim olunub.

Tədbir zamanı iştirakçılar üçün müxtəlif mövzularda maarifləndirici sessiyalar da keçirilib.