Macarıstan Prezidenti Katalin Novak ölkəsi ilə Qırğızıstan arasında bir çox sahələrdə əməkdaşlığı gücləndirməyi hədəflədiklərini bildirib.

QHT.az xəbər verir ki, Novak rəsmi səfəri çərçivəsində Budapeştdə olan Qırğızıstan Prezidenti Sadir Çaparov ilə görüşüb.

İki lider daha sonra birgə mətbuat konfransı keçirib.

Macarıstan və Qırğızıstan arasında strateji əməkdaşlıq olduğunu bildirən Novak, bu çərçivədə qeyri-qanuni immiqrasiya ilə mübarizə, turizm, kənd təsərrüfatı və təhsil sahələrində əməkdaşlığın artırılmasını hədəflədiklərini bildirib.

Mərkəzi Asiya ölkələri ilə əlaqələrin Macarıstan üçün çox vacib olduğunu vurğulayan Novak, bu kontekstdə Avropa İttifaqı (Aİ) ilə Qırğızıstanın yaxınlaşmasını dəstəklədiklərini bildirib.

Qırğızıstanın 3 ildir ki, Aİ ilə Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalamaq istədiyini qeyd edən Novak ölkəsinin bu prosesi sürətləndirmək üçün hər cür addım atacağını bildirib.

Novak əlavə edib ki, görüş zamanı Rusiya-Ukrayna müharibəsi də müzakirə olunub və onlar qırğızıstanlı həmkarı ilə sülhün ən qısa zamanda təmin olunması üçün razılığa gəliblər.

Qırğızıstan Prezidenti Sadir Çaparov son illər iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atdıqlarını bildirib.

Macarıstanlı həmkarı ilə ikitərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə etdiklərini qeyd edən Çaparov iki ölkə arasında xüsusilə iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əhəmiyyətli əməkdaşlığın olduğunu vurğulayıb.