“Vətəndaşların sosial rifahı deyəndə insanlar sağlam mühitdə yaşamalı, özləri sağlam olmalı, onların sosial problemləri həllini tapmalı, yaşam tərzi, maddi durumu, iş prosesi, yoxsulluqdan çıxması, yoxsulluğun azaldılması prosesi, ekologiyanın və iqtisadi vəziyyətin yaxşı olması başa düşülür” – bu sözləri Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyinin sədri İradə Rizazadə QHT.az-a açıqlamasında bildirib.

O, qeyd edib ki, aztəminatlı, çoxuşaqlı, sosial durumları aşağı olan ailələrlə, əlil, xəstə, tənha kimsəsizlərlə sorğular aparırıq, görüşlər təşkil etməklə müəyyənləşdiririk: “Bizim dəstəyimiz sosial məsələlərdə ailələrin işsizlik probleminin həllində, məşğulluq problemi, yoxsulluğun azaldılmasında, özünəməşğulluq məsələlərində dəstək göstərməkdir. Uşaqların təhsildə olan problemlərinin yaxşılaşdırılmasında hansı bir tövsiyyələr mümkündürsə onu edirik. İnsanlara Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Məşğulluq İdarəsinə necə müraciət etmək lazım olduğunu bildiririk. Hazırda Dost Mərkəzlərində də belə bir şərait yaradılıb ki, məşğulluqla bağlı müraciətlər edilsin”.

İradə Rizazadə Bakı şəhər Binəqədi rayon Yeni Yaşma qəsəbəsində, Xızı, Tərtər rayonlarında, Ağdaş rayonunun Ləki qəsəbəsində, Bərdə şəhərində insanları özünəməşğulluq proseslərinə yönəltdiklərini də vurğulayıb: “İnsanlar əlillik ala bilməyəndə, hər hansı poliklinikalarda problemlə üzləşəndə biz bilavasitə aidiyyəti qurumlara müraciətlərimizi edirik. Bununla bağlı maarifləndirmə işləri aparıb, həmin şəxslərə doğrudan da əlillik düşürsə, bunun düzgün formada həllinə çalışırıq”.

Qeyd edək ki, Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi məcburi köçkün, aztəminatlı ailələrdən olan qadın və qızlar üçün  tikiş, xalçaçılıq, toxuculuq üzrə təlimlər keçirib, onların işlə təmin olunmasına nail olublar. BMT-nin baş katibi Azərbaycana gələndə həmin mərkəzdə olub və mərkəzin fəaliyyətini yüksək qiymətləndirib.

 

Pərvanə Fərhadqızı